“Ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir”

Ötən il Təhsil Nazirliyi tərəfindən təhsil sistemində şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi, kadr potensialının gücləndirilməsi sahəsində bir sıra tədbirlər həyata keçirilib.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında deyib. Nazir bildirib ki, ümumtəhsil məktəblərini bitirən bütün şagirdlərə attestat verilməsi üçün qanunvericilikdə müvafiq dəyişikliklər edilib, ötən dərs ilində 90 mindən çox məzunun hamısı attestat alıb. Onun sözlərinə görə, bu qərar minlərlə gəncə təhsillərini davam etdirmək üçün yeni imkanlar açıb.

 

M.Cabbarov qeyd edib ki, hazırda məktəb müəllimlərinin işə qəbulu mərkəzləşdirilmiş imtahan vasitəsilə həyata keçirilir: “Ötən il 3286 vakant yer müsabiqəyə çıxarılıb. İmtahanlarda 15030 nəfər iştirak edib, onlardan 1281 nəfər işə qəbul olunub. Əvvəlki illərdən fərqli olaraq vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb, müəllimlərin peşəkarlığı əsas meyar kimi götürülüb. Bu imtahan, həmçinin müəllimlərin peşə hazırlığında olan boşluqları aşkarlayıb. İndi müəllim hazırlığı sistemində paradoksal vəziyyət yaranıb. Təkcə ali təhsil müəssisələrinin hazırladıqları pedaqoji kadrların sayı real tələbatı təxminən 2 dəfə üstələyir.

 

Bundan başqa, təəssüf hissi ilə qeyd etməliyəm ki, sistemin daxilində qanunazidd işə qəbul edilən xeyli sayda insan da vardır. Bu problemin həlli üçün biz həm inzibati tədbirlər görürük, həm də peşə standartları üzərində işləyirik. Müəllimlərin peşəkarlıq səviyyəsinin könüllü əsaslarla yoxlanılması nəzərdə tutulur. Keçiriləcək attestasiya nəticəsində uğur əldə edən müəllimlərə aldıqları dərəcələrə görə diferensiallaşdırılmış əməkhaqqının verilməsi nəzərdə tutulur. Attestasiyadan keçməyən müəllimlər üçün isə təlimlər təşkil olunacaq, növbəti attestasiyaya hazırlaşmaq üçün imkan yaradılacaq”.

 

Təhsil naziri əlavə edib ki, əhəmiyyətli yeniliklərdən biri də ucqar kənd məktəblərinə göndərilən müəllimlər üçün həvəsləndirmə tədbirlərinin daha geniş tətbiqidir. Onun sözlərinə görə, ötən illərdə bu tədbirlər 800 yerə tətbiq olunurdusa, 2013-cü ildə həmin yerlərin sayı 2500-ə çatdırılmışdır. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan məktəblərin bazasında xüsusi istedadlı uşaqlar üçün təmayüllü məktəblər şəbəkəsinin yaradılması planlaşdırılır.