Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bir çox məsələlərlə yanaşı, şəhərin “parking” sistemi barədə də danışıb:
 
“İnkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq “parking”lə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü “parking” olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.
 
Sözügedən “tənzimləyicilərin” hansı orqana işlədiyini müəyyən etmək üçün Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxladıq. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev "Hafta içi" qəzetinə verdiyi məlumatda məsələnin onların idarəsinə aidiyyəti olmadığını bildirib: “Mən nə deyə bilərəm bu barədə?! O yerləri biz yaratmamışıq ki, bilək yığılan pullar hara gedir. Bu yol polisinin işi deyil. Məsələ ilə icra hakimiyyətindəki departamentlərdən biri məşğul olur”. 
 
FaktXəbər-in məlumatına görə, Bakı şəhər DYP-nin şöbə rəisi Vaqif Əsədov da həmin şəxslərdən xəbərsiz olduğunu deyir: “Onlar bizim nümayəndələr deyil. Bilmirəm ki, pulu kim yığır, kim yığmır. Yol polisi əksinə Bakı küçələrində dayanmanı, durmanı qadağan edən yerlərdə avtomobil saxlamış sürücülərə qarşı tədbir görür. Hələ Novruz Bayramından bu tərəfə 4000 mindən artıq dayanma, durma, parklanma qaydalarını pozan sürücülər, həftə ərzində eyni xətanı 6 dəfə təkrarlayan sürücü məsuliyyətə cəlb edilib. Bu problem həll olunana qədər də eyni prosesi davam etdirəcəyik”. 
 
Şöbə müdirinin sözlərinə görə, məsələnin ən ideal çıxış yolu mövcud “parking” xidmətlərindən istifadə etməkdir: “Əllərində çubuq gəzənlər kimin işçiləridir bilmirəm, amma onlarla bağlı da müəyyən tədbirlərə başlanılacaq. Hər halda sürücülər düşünməlidir də... Hansısa mülki formada, əlində hansısa bir çubuq olan bir adam “mən bu əraziyə baxıram deyirsə” ona necə pul vermək olar?! Sabah həmin ərazidən avtomobil evakuasiya edilirsə, görəsən o vətəndaşa necə cavab verilir?! Həmin vətəndaş avtomobilin tələb edilməsində acizlik çəkir. Sürücülər hansısa mülki geyimlilərin dediyinə gedirsə, hesab edirəm ki, bu sadəcə ailə büdcəsinə açıq-aşkar ziyan vurmaqdır. Bu, səhvdir”. 
 
Vaqif Əsədov sürücülər arasında dəb halını almış yeni “parking” növünə də fikir bildirib: “Son vaxtlar belə bir adət yaranıb. Sürücülər avtomobilin kopotunu qaldırır, maşının ön (qəza-duracaq) işıqlarını yandırır, qapısını açıq qoyub gedirlər. Guya ki, maşını xarab olub. Bilməlidir ki, bu halda da protokol yazılır. 
 
Hörmətli sürücülər, maşında məcburi olaraq nasazlıq yaranırsa, sürücü mümkün bütün vasitələrdən istifadə edərək maşını yol hərəkətindən kənarlaşdırmalıdır. Belə bir tələb var. Özünüzdən başqa, digər sürücüləri də düşünün. Hazırda şəhərdə 72 000 maşın idarə olunur. Şəxsi mənafeyinizi ümummilli mənafeyinizdən artıq tutmamalısınız”.
 
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxlamağa çalışsaq da, qurumdan telefonlara cavab verən olmadı.