Ermənilərin Suriyada yeni terror təşkilatı yaratdığı haqqında mətbuatda xəbərlər yer alıb. Özü də bu təşkilatın əsasən türk diplomatlarına qarşı terror aktları həyata keçirmiş ASALA-nın varisi olduğunu elə onun adından da görmək olar.

“Neo ASALA” adlı qurumun məqsədi guya Suriyada yaşayan ermənilərin həyatını və təhlükəsizliyini qorumaqdan ibarətdir. Amma Neo ASALA-nın sələfinin ideya və arzularını, hərəkətlərini davam etdirəcəyini də arxa plana keçirmək olmaz. 

Neo ASALA indi də terror aktları törədə bilərmi? Türk biznesmenləri və diplomatları “Yeni ASALA” cinayətləri gözləyirmi? 

Modern.az saytına məsələ ilə bağlı açıqlama verən Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti ermənişünaslıq bölümün başqanı Qafar Çaxmaqlı bildirib ki, belə bir təşkilatın olması barədə heç bir mətbuat orqanında dəqiq, səhih məlumatlar yoxdur. Onun sözlərinə görə bu baxımdan adı çəkilən təşkilatın mövcudluğu da şübhə doğurur. 

“Bir vaxtlar “Nor ASALA” adından da təxribatlar edilirdi. Keçmiş ASALA-çılardan biri çıxıb dedi ki, belə bir örgüt yoxdur”.

Q. Çaxmaqlı qeyd edib ki, buna baxmayaraq erməni terror təşkilatlarının məqsəd və vəzifələri də unudulmamalıdır. 

“Ermənilərin ayrı-ayrı regionları əhatə edən silahlı qrupları var. 2012-ci ildə hətta onlardan biri olan “UxtArarati”, yəni “Araratın qisası” bütün diaspor ermənilərini Qarabağda vuruşmağa səsləmişdi. Onların terrorçu qruplaşmaları bir mərkəzdən idarə olunur. Bu mərkəz İrəvandadır. Onlar göstəriş versələr, dərhal toplanırlar”,-deyə ermənişünas alim bildirib. 

Mərkəz rəhbəri Suriyada münaqişələrin başlanğıcından ermənilərin təşkilatlanmasını da istisna etməyib. Araşdırmaçı vurğulayıb ki, həmin qruplar Dəməşqdə erməni məhəlləsinə təhlükənin qarşısını almaq adı ilə Bəşər Əsədə dəstək verirlər. 

“Müxaliflər onların bu qruplaşmasını qova-qova Kəsab qəsəbəsinə sıxışdırıb məhv etmək ərəfəsində bu hay-küyü qaldırırlar. Guya yeni bir təşkilatdan, “Nor ASALA”dan bəhs edirlər. Bunun əsas səbəbi isə rəqiblərin onlardan çəkinməsinə hesablanıb. Suriyada belə bir təşkilat əslində yoxdur. Əsədin erməni silahlı qrupları vardır”.

Ermənilərin Azərbaycan və türk iş adamlarına nəsə etmək istəklərinə də Q.Çaxmaqlı aydınlıq gətirib. 
“Ermənilər bunu hər zaman etmək istəyərlər. Amma indi artıq o zaman deyil. Bu tip terrorçu qruplaşmanın qarşısını almaq üçün bizim də əlimizdə metodlar var. ASALA-nın vaxtilə etdikləri “Erməni məsələsini” gündəmə gətirmək üçün idi. İndi fərqli məqsədlər var.

Ermənilərin məqsədi odur ki, qondarma soyqırımın 100-cü ili ərəfəsində dünyanın diqqətini daha çox cəlb edə bilsinlər. Baxın, məlumatlar gedir ki, Ermənilər "Eeurovision" mahnı yarışması üçün çoxlu pul ayırırlar ki, Ermənistanı qalib etsinlər. Nə üçün? Ona görə ki, gələn il qondarma “soyqırımının” 100 illiyidir. Bu yarışma Ermənistanda olması erməni təbliğatına əlavə güc verər. Bu ərəfədə belə təxribatlar olacaq.