Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından 2013-ci ildə aldığı maliyyə yardımı çərçivəsində "Ermənistanın xarici siyasəti 1991-2012" adlı monoqrafiya hazırlayıb.

Monoqrafiya siyasi elmlər doktoru Hatem Cabbarlı tərəfindən yazılıb.

Bu günə qədər Azərbaycanda Ermənistanın xarici siyasəti haqqında ciddi və geniş bir elmi monoqrafiya hazırlanmayıb. Ancaq son 20 ildə Azərbaycan-Ermənistan münasibətlərinin xarakterik xüsusiyyətləri nəzərə alındığında belə bir elmi monoqrafiyanın yazılmasının nə qədər əhəmiyyətli olduğu ortaya çıxır. Azərbaycanda KİV nümayəndələri və Ermənistan haqqında tədqiqat aparan şəxslər Ermənistanın xarici siyasəti haqqında məlumat verərkən, Ermənistanın və digər mənbələrdən aldıqları xəbər mahiyyətində olan informasiyaya əsaslanırlar və bu təhlillərin ciddiliyinə və etibarlığına kölgə salır.

Azərbaycan ictimaiyyətini Ermənistanın xarici siyasəti haqqında daha əsaslı və dolğun informasiya ilə təmin etmək üçün monoqrafiya istinad edilə biləcək ciddi mənbə olacaqdır. Bu monoqrafiyada əsas məqsəd Ermənistanın 1991-2013-ci illərdə həyata keçirdiyi xarici siyasət kursuna aydınlıq gətirmək və elmi səviyyədə dəyərləndirməkdir.

Bu çərçivədə Ermənistanın xarici siyasətini formalaşdıran amillər, erməni milli kimliyi, Asiya, şərq, xristianlıq, geosiyasi mövqeyi, bəşəri potensial ünsürlər, diaspora, “Hay Dat” (erməni məhkəməsi) doktrinası, demoqrafik xüsusiyyətləri, siyasi liderlər, təhlükəsizlik qüvvələri, qondarma erməni soyqırımı, “Böyük Ermənistan” xülyası baxımından Ermənistanın Azərbaycan və Türkiyə, region siyasəti çərçivəsində Rusiya, İran və Gürcüstan siyasəti, Ermənistan xarici siyasətinin təhlükəsizlik problemləri, Aİ, AŞ və ABŞ ilə münasibətləri araşdırılmış və elmi kontekstdə dəyərləndirilmişdir.

Tədqiqatda Ermənistanın xarici siyasətinin qarşılıqlı asılılıq nəzəriyyələri, bu ölkənin lehinə və əleyhinə cərəyan edən əmredici (imperativ) şərtlərin səbəbləri təhlil edilmişdir. Tədqiqatda ümumən Rus, Erməni, İngilis, Azərbaycan və digər dillərdəki mənbələrdən istifadə edilmişdir ki, bu da tezislərdə irəli sürülən görüşlərin dəstəklənməsinə, Ermənistanın xarici siyasət doktrinasına aydınlıq gətirilməsinə, təhlükəsizlik, iqtisadi və xarici siyasətinin daha geniş bir şəkldə dəyərləndirməsinə imkan verir.

Tədqiqat və onun nəticəsi olacaq monoqrafiya xüsusilə də, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsi probleminin və qondarma erməni soyqırımına qarşı Türkiyənin xarici siyasətinin formalaşması prosesində hansı strategiya və taktikalara üstünlük vermələri baxımından böyük əhəmiyyət daşıyacaqdır.

Monoqrafiya xarici siyasət, təhlükəsizlik, sosial-iqtisadi və digər sahələrdə fəaliyyət göstərən dövlət qurumlarına, siyasətçilərə və dövlət mexanizmində qərar vermək səlahiyyətində olanlara fikir verməsi və ümumi vəziyyətin dəyərləndirilməsi baxımından əhəmiyyətli bir mənbə olacaqdır.

Elnur Eltürk