Son zamanlar Azərbaycanın ali təhsil müəssisələrində xarici tələbələrin sayı durmadan artır. Onlar arasında Türkiyə vətəndaşlarının çoxluğu isə daha çox diqqət çəkir. 

Modern.az saytı Azərbaycan ali təhsil ocaqlarında təhsil alan türk vətəndaşların sayı və əsasən hansı universitetlərə üstünlük verdiklərini Təhsil Nazirliyindən soruşub. Nazirliyindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası ərazisində təhsil alan 5124 əcnəbi tələbədən 2754-ü Türkiyə vətəndaşıdır.

Ölkəmizin ali təhsil müəssisələrində bakalavriat təhsil səviyyəsi üzrə 2050 nəfər, magistratura səviyyəsi üzrə176, doktorantura səviyyəsi üzrə 104 Türkiyə vətəndaşı təhsil alır. Qalanlar dil kursları, qısamüddətli mübadilə proqramları çərçivəsində Azərbaycanın ali məktəblərində təhsil almaqdadırlar.

Azərbaycan Respublikası ərazisində Türkiyə vətəndaşlarının təhsil aldıqları universitetlərin sıralanması aşağıda qeyd olunub:

Azərbaycan Memarlıq və İnşaat Universiteti -720 nəfər 
Azərbaycan Tibb Universiteti – 413 nəfər
Bakı Dövlət Universiteti – 335 nəfər 
Qafqaz Universiteti – 299 nəfər
Naxçıvan Dövlət Universiteti – 272 nəfər

“Azərbaycan ali təhsil müəssisələrində əcnəbi vətəndaşlara yaradılan şərait, Azərbaycan vətəndaşlarına yaradılan şəraitlə eyni səviyyədədir. Onların ali təhsil müəssisəsinin kitabxana, idman kompleksi, tibbi və digər xidmətlərdən istifadə etmək hüquqları vardır.

Azərbaycanda təhsil alan Türkiyə vətəndaşlarının böyük hissəsi tədris dili olaraq Azərbaycan dilinə üstünlük verirlər. Rus bölməsində təhsil alan türk tələblərin sayı isə azlıq təşkil edir”-deyə Təhsil Nazirliyi bildirib.