“Özlərindən razıdırlar”.

ABŞ-da yaşayan azərbaycanlı teleaparıcı Günel Musəvi “Every Azeri” onlayn jurnalında Azərbaycan kişiləri haqqında düşündüklərini işıqlandırıb.

Oxu.Az həmin yazını olduğu kimi təqdim edir:

Əgər meksikan, italyan, ərəb və ya bəzən ingiltərəliyə bənzəyən bir kişi görsəniz çox güman ki, bu kişi azərbaycanlıdır. Əslində bir azərbaycanlı kişini təsvir edəcək bir spesifik obrazı düşünə bilmirəm. Vaxt var idi Azərbaycan torpaqları Osmanlı, sonra isə Rusiya imperiyası altında idi və hətta lap uzağa getsək Alban köklərimiz də yada salına bilər, yəni hər cür qan qarışıqlığı millətimizdə mövcuddur. Bu səbəbdən azərbaycanlılar çox geniş görünüşə sahibdirlər.

Bir azərbaycanlı kişisi ilə görüşməyi düşünürsünüzsə, o zaman sizə ondan gözləyə biləcəyi bir neçə xüsusiyyətləri bu məqalədə vurğulamaq istəyirəm. Lakin unutmayın, yazdıqlarım ümumi bir fikirdir və hər kəsə aid olmaya bilər.

Gəlin başlayaq.

Aranızda hər zaman başqa Qadın olacaq! 

Xahiş edirəm, bu başlığı oxuyan kimi özünüzdən çıxmayın. Başqa Qadın deməklə mən ananı nəzərdə tuturdum. Anası ilə aranızda olan sevgini bölüşməyə hazır olmalısız. Bir şeyi yadda saxlayın, onun anası hər zaman haqlıdır. Onun anası heç vaxt nə yalan danışır, nə onun imkanlarından istifadə edir və heç vaxt xudpəsəndlik etmir. Bütün pis cəhətlər və hərəkətlər yalnız sizə aid ola bilər, sözsüz ki, bu məqamda ən yaxşısı anasına aiddir. Hər halda hər birimiz valideynlərimizi, analarımızı sevirik, lakin Azərbaycan övladı bir az artıq sevir.

Azərbaycan kişiləri özlərindən razıdırlar!

Demirəm ki, özlərindən razıdırlar, lakin özlərinə çox güvənirlər. Bir Azərbaycan kişisi gördüyü hər işdən çox razı olur və hətta, o işin öhdəsindən çox da yaxşı gəlməsə, heç kimə imkan verməz ki, onun haqqında pis danışsınlar. Başıuca, əllər şalvarın cibində, rahat addımlayaraq özünə olan güvənini nümayiş etdirən Azərbaycan kişisi.

Azərbaycan kişisi çox sahibkar və himayəkardır.

Qadınlara gələndə Azərbaycan kişisi çox sahibkar ola bilər. Nə qədər qadının sahib çıxacağı insanın özündən daha çox asılıdır, lakin onun qaydaları ilə yaşamağa alışmalısız. Əgər siz sərbəst, açıq, qayğısız və istədiyinizi etməyə imkan verən münasibətlər arayırsınızsa, o zaman Azərbaycan kişisi ilə görüşməyinizi bir daha gözdən keçirin, çünki bu şərtlər onunla alınmayacaq. Əgər o sizə ürəyini verib əvəzində ürəyinizi alıbsa, o zaman o artıq sizin sahibinizdir. O sizi heç kimlə bölüşməz, bəzən rəfiqələrinizlə belə. Sadəcə anlayın ki, bu, Azərbaycan mədəniyyətinin bir qismidir. Allah köməyiniz olsun!

O, gözəl şeyləri sevir.

Gözəl və keyfiyyətli əşyalar, dəbdəbəli geyim, başgicəlləndirən ətirlər, təmiz ayaqqabı, səliqəli saç düzümü, təzə qırxılmış saqqal və ya bığ (bir sözlə üzündə nə varsa) bütün bunlar və daha nələr bir Azərbaycan kişisi üçün çox önəmlidir. Azərbaycan kişiləri qadınlarla bərabər dəblə maraqlanıb görünüşlərinə ciddi yanaşırlar. Bir sözlə, siz heç vaxt bir Azərbaycan kişisini cırıq köynək və ləkəli ayaqqabı ilə sevgilisi ilə görüşə gəldiyini görməzsiz. Halbuki Amerikada bəzən bu, normal bir haldır.

Yadda saxla, Azərbaycan Kişisi hər zaman Haqlıdır!

Siz 100 dəfə haqlı olsanız və dünya axirətə yaxınlaşsa belə bütün qalaktikada bir azərbaycanlı kişinin haqsız olduğunu sübut edəcək güc tapılmaz! Unutma, o hər zaman haqlıdır (ən azından anında üzərinə getmə və sus). Sadəcə olaraq bu faktı qəbul et və inan mənə, sonra o bunu qiymətləndirəcək. İnanmırsansa, onda yuxarıda özündən razılıq barədə paraqrafı oxu.

Lazım olsa sənin üçün göydən Ay çıxardar.

Gəlin indi sizə Azərbaycan kişilərinin yaxşı tərəfindən danışım, yəni sizin xoşunuza gələ biləcək tərəfindən.

Bu məqamda azərbaycanlı kişinin özündən razı, hər zaman haqlı olduğunu və anasına olan sevgini bölüşməyə hazır olmadığınızı anlayıb qaçmağa hazırlaşırsınızsa bir dəqiqə səbir edib bunu oxuyun, sonra qərar verin.

Azərbaycan kişiləri ən qayğıkeş sevgililər hesab olunurlar. Onlar bir qadına xanım olduğunu, xoşbəxt və gözəl olduğunu hiss etdirməyi bacarırlar. Qadınlar Azərbaycan mədəniyyətində çox bəslənirlər. İnanın mənə, o sizi anası qədər sevib qayğınıza qalacaq. Bir azərbaycanlı kişisi bir qadının ehtiyac və istəklərini dərindən anlayıb ona yüksək qiymət verə biləcək gücə malikdir.

Və ən sonunda önəmli bir məqama toxunmaq istəyirəm. Azərbaycan kişiləri olduqca yaraşıqlı və çəkicidirlər, məncə bu qədərini artıq siz də anladınız.