“Ermənilərin Kəlbəcər rayon sakinləri Dilqəm Əsgərovu, Şahbaz Quliyevi girov götürməsi Dağlıq Qarabağ münaqişəsinin həll prosesi ilə bağlı aparılan danışıqlara elə də ciddi təsir göstərməyəcək. Çünki həmin adamların erməni hərbi birləşmələri tərəfindən girov götürülməsi heç də gözlənilməyən hadisə deyil. Öz ata-baba yurdlarına gedən şəxslərin erməni qəsbkarları tərəfindən girov alınması Azərbaycanla Ermənistan arasında ciddi insident yarada bilməz”. 

Bunu Modern.az saytına politoloq Qabil Hüseynli erməni separatçılarının Kəlbəcər sakinlərini girov götürməsinin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar prosesinə təsirini şərh edərkən deyib.

Onun sözlərinə görə, girovlar Azərbaycana qaytarılmasa, o zaman rəsmi Bakı ilə Ermənistan arasında növbəti münaqişə yarana bilər. Ekspert bildirib ki, Azərbaycan girovlar geri qaytarılmasa, cavab tədbiri görəcək: “Bizim də hüququmuz var ki, dinc sakinlərimizə qarşı edilən vəhşiliklərə cavab verək”.  

Ümumiyyətlə, hazırkı situasiyada Dağlıq Qarabağ problemi ilə bağlı aparılan danışıqlar prosesinə qiymət verən analitik deyib ki, müzakirələr əvvəlki intensivliyi ilə getmir. Bununla belə, politoloq bu qənaətdədir ki, Rusiya Qarabağla bağlı tutduğu əvvəlki radikal mövqeyini sərgiləmir: 

“Rusiya artıq bu radikallığından geriyə çəkilmiş kimi görünür. Kreml hətta özünü pozitiv göstərməyə çalışır. Yeddi rayonun qaytarılması məsələsində də Moskvanın mövqeyində də müsbətə doğru dəyişikliklər müşahidə edilir. Danışıqlar prosesində status-kvonun dəyişməsi üçün real şərtlər yetişib. Bu şərtlərin reallaşması Rusiyadan asılıdır. Rusiyanın isə başı Ukraynaya qarışıb. Düşünürəm ki, Ukraynada Malayziyaya məxsus təyyarənin vurulmasından sonra Rusiya öz imicini yenidən bərpa etmək üçün Qarabağla bağlı məsələdə dönüş etməlidir. Bundan sonra Rusiya Dağlıq Qarabağ probleminin həllində daha aktiv iştirak etməlidir".