Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilmiş IV Sammitində 18 illik danışıqlardan sonra Xəzər dənizinin hüquqi statusu ilə bağlı prinsipial istiqamətlər və məsələlər üzrə ümumi razılıq əldə olunub.

Bu, o deməkdir ki, Xəzər regionunda sabitlik mühiti, əməkdaşlıq ruhu daha da möhkəmlənir, investisiyaların cəlb olunması imkanları artır. Həmçinin xəzəryanı ölkələr arasında yeni etimad mərhələsi üçün əsaslar yaranır. Ümumiyyətlə, Xəzərin hüquqi statusu ilə bağlı danışıqlarda 18 il ərzində ən böyük irəliləyiş bu sammitdə müşahidə olundu.

Bu sözləri sentyabrın 30-da Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilmiş IV Sammitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

Nazir müavini xatırladıb ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı danışıqlar prosesi 1996-cı ildən başlanıb. Həmin il Xəzərin statusu ilə daim məşğul olmaq üçün xarici işlər nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılıb. İşçi qrupu Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin işlənib hazırlanması və razılaşdırılması istiqamətində danışıqlar aparır.

İşçi qrupunun son bir ildəki fəaliyyəti Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammitinə hazırlıq işlərinin görülməsi ilə bağlı olub.

X.Xələfov bildirib ki, Həştərxan Sammitində Xəzər dənizinin hüquqi statusunun razılaşdırılması istiqamətində çox əhəmiyyətli yeni bir mərhələnin əsası qoyulub. Sammitin nəticəsi olaraq mühüm sənədlər qəbul olunub. Bunlardan Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentlərinin Bəyanatını xüsusi qeyd etmək olar. Bəyanatda Xəzər dənizində gələcək fəaliyyəti tənzimləyə bilən əsas prinsiplər öz əksini tapıb. Bu prinsiplər gələcəkdə Konvensiya layihəsində də yer alacaq.

Sammitdə əldə olunmuş önəmli razılaşmalardan danışan X.Xələfov bildirib ki, Xəzər akvatoriyasının bölüşdürülməsi məsələsində ümumi razılığa gəlmək, mövqeləri yaxınlaşdırmaq və xəzəryanı dövlətlərin maraqlarını əks etdirən ümumi normalar səviyyəsinə çatmaq böyük uğurdur.

Diqqətə çatdırılıb ki, Sammitdə imzalanmış “Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rasional istifadə olunması haqqında” Saziş bütün xəzəryanı ölkələr üçün xüsusi əhəmiyyətə malikdir. Sazişə əsasən tərəflərin balıqçılıq fəaliyyətinin hüquqi əsasları tam müəyyən edilir, Xəzər dənizində bioresursların mühafizəsi və onlardan səmərəli istifadə məsələlərinin mexanizmləri yaradılır. Həmçinin sənədə əsasən bioresursların mühafizəsi və onlardan səmərəli istifadə məsələlərinə nəzarət edəcək hökumətlərarası komissiya da yaradılacaq.

Nazir müavini Sammitdə imzalanmış “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Saziş barədə də danışıb. Bildirib ki, bu sənədə əsasən fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması, qarşılıqlı yardımların göstərilməsi ilə əlaqədar əməkdaşlıq sistemi yaradılır. X.Xələfov əlavə edib ki, Xəzər dənizində təhlükəsiz fəaliyyəti təmin etmək üçün bu sahədə əməkdaşlığın mexanizmlərinin yaradılmasının böyük əhəmiyyəti var.

Nazir müavini növbəti Sammitin Qazaxıstanda keçirilməsinin nəzərdə tutulduğunu, həmin Sammitə qədər Konvensiya layihəsinin işlənib başa çatdırılması və müddəalarının razılaşdırılması ilə bağlı qarşıya məqsəd qoyulduğunu diqqətə çatdırıb./azertac/