ABŞ hökuməti Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə işçi vizası verməkdən imtina edib. 

Sentyabrın 20-də eks-prezident turist vizasını dəyişdirmək istəyib, ancaq amerikalı diplomatlar buna razılıq verməyiblər. Bu isə o deməkdir ki, Gürcüstanın keçmiş lideri həmin viza verilməyənə qədər ABŞ-dan siyasi sığınacaq ala bilməyəcək.

Gürcüstanda nəşr olunan “Alia” qəzetinin yaydığı məlumatda isə qeyd edilir ki, ölkədə Saakaşvilinin ABŞ-da siyasi sığınacaq almaq istədiyi gizli saxlanılmır.

Saakaşvili prezident olduğu müddətdə bir sıra qanunsuzluqlara yol verməkdə təqsirli bilinir və Gürcüstanın baş prokurorluğunda onun barəsində bir neçə maddə ilə cinayət işi qaldırılıb. İstintaqdan yayındığı səbəbindən yaxınlarda onun Gürcüstandakı əmlakına həbs qoyulub. Vəkilinin sözlərinə görə, həbs qoyulan əmlaklar arasında Saakaşvilinin Tbilisi şəhəri ətrafındakı evi, ailə üzvlərinin Gürcüstan paytaxtındakı evi və avtomobil var. /modern.az/