İtaliya futbolunun əfsanəsi "İnter"ə xəbərdarlıq etdi: "Sakit, diqqətli, cəsarətli olun!" 
 
Bu gün Avropa Liqasının qrup oyununda İtaliyanın "İnter” klubu ilə qarşılaşacaq Ağdamın "Qarabağ” klubu Milandakı "DoubleTree by Hilton” otelində məskunlaşıb. Lent.az-ın əməkdaşı Səbuhi Məmmədli dünən oteldə olub. 

"Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov futbolçuların əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib.
 
"Qarabağ”ın sentyabrın 30-da məşqə çıxdığı stadionun öt örtüyü bərbad vəziyyətdə olub. Bundan başqa, stadionun əməkdaşları baş məşqçi Qurban Qurbanovu içəri buraxmaq istəməyiblər. Qurban Qurbanovun üzərində sənədinin olmaması səbəb kimi göstərilib. Qısa müddət ərzində yaranmış problem həll olunub və Qurbanov stadiona buraxılıb.
 
İtaliyanın məşhur idman jurnalisti Matteo Breqa "La Qazzetta dello Sport” qəzetində "İnter”in hazırkı vəziyyəti ilə bağlı geniş məqalə yazıb və Milan klubunu oynadığı ənənəvi 4-3-2-1 taktiki sxemindən imtina etməyə çağırıb. M.Breqa "İnter”in "Qarabağ”la oyuna bu sxemlə çıxacağı təqdirdə uğursuzluğa düçar olacağını yazıb.      
 
İtaliyanın "Radio101” radiosunda qonaq olan İtaliya futbolunun əfsanəsi Sandro Massola "İnter”də lider futbolçunun olmamasından gileylənib. S.Massola "İnter”li futbolçuları "Sakit, diqqətli və cəsarətli olun!” şüarı ilə meydana səsləyib. Qeyd edək ki, İtaliya "A seriya”sının sonuncu turunda evdə "Kalyari”yə 1-4 hesabı ilə məğlubiyyət "İnter” və tərəfdarlarını təşvişə salıb.   
 
"İnter”in düşərgəsindən gələn xəbərlərə görə, Nemanya Vidiç, Mateo Kovaçiç, Dodo və Conatan zədəlidir.
 
"Cüzeppe Meatsa”da komandamıza Romada təhsil alan tələbələr, "Avropa İmarət” fanklubunun üzvləri və Milanda yaşayan azsaylı azərbaycanlılar dəstək olacaq. Stadiona 40 mindən çox azarkeşin gələcəyi gözlənilir.
 
Oyun günü havanın mülayim keçəcəyi, yağış yağmayacağı deyilir.