Dünyadakı erməni diasporunun iki əsas məqsədi var - “erməni soyqırımı”nın və “Dağlıq Qarabağ Respublikası”nın müstəqilliyinin tanınması. Gələn il “soyqırım”ın 100 illiyini qeyd edəcək ermənilər bu “əlamətdar” tarix yaxınlaşdıqca, Qərb və Rusiyadakı bəzi siyasi dairələrin hesabına Türkiyə və qismən də Azərbaycana təzyiqləri artırıblar.

Bu il mayın 9-da Kaliforniya Senatının və assambleyasının, daha öncə isə Men, Luiziana, Massaçusets və Rod-Aylend ştatlarının Dağlıq Qarabağın müstəqilliyini tanımasını, hər il ABŞ Senatının gündəliyinə “erməni soyqırımı”nın tanınması ilə bağlı qanun layihəsinin daxil olunmasını, Fransa parlamentində “erməni soyqırımı”nın inkarı ilə bağlı qanun layihəsinin qəbul olunmasını (qanun Fransa Konstitusiya Şurasında dayandırılıb -red.) və digər artan təzyiqlərin nəticəsi hesab etmək olar.

Unutmaq olmaz ki,  “erməni gerçəkləri”nin dünya parlamentlərində irəliləməsində həmin ölkələrin yerli siyasətçilərinin, ictimai xadimlərinin önəmli rolu var. Yerli erməni icması hesabına özünə elektorat toplamaq, yaxud, sadəcə səxavətli erməni iş adamlarının maliyyəsini cəlb etmək üçün bu yolu seçən əcnəbi siyasətçilər indi də 2015-ci ilin 24 aprelinə hazırlaşırlar. 

Modern.az saytı aparıcı dünya ölkələrində ermənipərəst mövqeyi ilə seçilən, yəni “ermənilərin dostu” sayıla biləcək siyasi və ictimai fiqurların siyahısını təqdim edir. Budəfəki siyahıda Rusiya və ABŞ-ın ermənipərəst ictimai fiqurları yer alıb.


Tina Kandelaki – Rusiyanın tanınmış jurnalisti, televiziya aparıcısı, “Apostol” strateji kommunikasiya mərkəzinin həmtəsisçisi və Rusiya İctimai Palatasının üzvüdür.

1975-ci ildə Gürcüstanın paytaxtı Tiflisdə andan olan Kandelaki Rusiya mediasının ən tanınmış simalarından biridir. Paralel olaraq xanım Kandelaki öz hədsiz erməni sevgisi ilə seçilir.

Gürcü əsilli aparıcı çoxmilyonlu auditoriya qarşısında erməni mövzularında çıxışlar edir və “24 aprel erməni soyqırımı”nın tanınması ilə bağlı fikirlər səsləndirir. Tina Kandelakinin anası Elvira Allahverdovanın milliyyətcə erməni olduğunu nəzərə aldıqda bu heç də təəccüblü görünmür.

Maraqlıdır ki, NTV telekanalında bir müddət yayımlanan “Dəmir Ledilər” siyasi tok-şousunda aparıcı həmkarı Marqarita Simonyanın erməni dilini bilməməsindən təəccüblənən gürcü əsilli jurnalist erməni dilində sərbəst danışdığını da nümayiş etdirmişdi.



Denis Dvornikov – Rusiya İctimai Palatasının üzvü, “Açıq Ədalət” ictimai komitəsinin icraçı direktorudur.

1977-ci ildə Moskvada anadan olan Dvornikov Rusiya dövrü mətbuatında erməni təəssübkeşliyi ilə bağlı bir çox yazıların müəllifi kimi tanınır. Məsələn, İctimai Palatanın üzvü 2012-ci ildə Moskva erməniləri ilə görüş zamanı Rusiyada “erməni soyqırımını inkara görə cinayət məsuliyyəti”nin tətbiq olunmasını təklif etmişdi.

O, eyni zamanda qondarma “Dağlıq Qarabağ Respublikası”nın müstəqil olmasını təklif edən bir çox məqalələrin müəllifidir. Təsadüfi deyil ki, 2013-cü ilin avqustunda Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəyə gəlişi arzu olunmayan şəxslərdən ibarət “qara siyahı”sında Denis Dvornikovun da adı var.

Həmin il avqustun 28-də Denis Dvornikov, “Ren TV” telekanalının aparıcısı və keçmiş casus Anna Çapman və “Russkiy repartyor” jurnalının müxbiri Aleksandr Rıjkov Dağlıq Qarabağa qanunsuz səfər edərək yerli separatçı rəhbərliklə görüş keçirib. Dvornikov Azərbaycan XİN-in “qara siyahı”sına düşməsi ilə heç nə itirmədiyini və öz fəaliyyətini (ermənipərəst) davam etdirəcəyini bildirmişdi.


Vladimir Solovyov – Tanınmış rusiyalı tele-radio aparıcısı, yazıçı və ictimai xadimdir.

1963-ü ildə Moskvada yəhudi ailəsində doğulan jurnalist daha çox NTV telekanalında yayımlanan “Bayerlərə doğru” (2003-2009) və hazırda “Rossiya” (keçmiş RTR) yayımlanan “Poedinko” (Duel) verilişləri ilə tanınır. İstər televiziya verilişlərində, istərsə də “Vesti FM” radiosundakı müəllif proqramlarında Solovyovun rus şovinisti və erməni təəssübkeşi olduğu açıq sezilir.

İqtisad elmləri namizədi, ABŞ-ın Alabama Universitetində iqtisadiyyat sahəsində müəllimlik etmiş bu şəxs Qərb əleyhinə mülahizələri də seçilir. O, hər il Rusiya erməni icmasının “Kreml sarayı”nda təşkil etdiyi illik bayram proqramlarında iştirak edir və erməni auditoriyasına Ararat dağını (Türkiyə ərazisindəki Ağrıdağı) bir gün geri qaytarmalarını arzulayır. 2009-cu ildə belə tədbirlərin birində Vladimir Solovyov  deyib:

“Düzdür bu sözüm, azərbaycanlıların xoşuna gəlməyəcək, amma mən Ermənistan deyəndə yalnız Yerevan və Sevan gölünü yox, həm də Stepanakerti (Xankəndi) və Arçaxı (Qarabağ) da nəzərdə tuturam”-deyə. Öz tok-şousuna tez-tez qonaq çağırdığı digər ermənipərəst siyasətçi Vladimir Jirinovski ilə birlikdə erməni mövqeyini canfəşanlıqla müdafiə edirlər (bunu “Baryerlərə doğru verilişində Azərbaycan mənşəli ilahiyyatçı Heydər Camal və Vladimir Jirinovski arasındakı teledebatdan aydın görmək olar).

Təsadüfi deyil ki, 2013-cü il dekabrın 6-da Vladimir Solovyov Ermənistan prezidenti Serj Sərkisyan tərəfindən “Şərəf “ ordeni ilə mükafatlandırılıb. “Şərəf” ordeni Ermənistanın milli və dövlət maraqlarının qorunmasındakı xidmətlərə görə verilir.


Qalina Storovoytova – Rusiya Dövlət Dumasının deputatı, 1996-cı ildə Rusiya prezidentliyinə namizəd və 1998-ci il noyabrın 20-də müəmmalı sui-qəsdin qurbanı.

Qalina Storovoytova 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsi yenicə alovlanan zaman öz erməni meylli fikirləri ilə seçilirdi. Ermənilərə olan bu bağlılıq onda Spitak zəlzələsindən sonra yaranmışdı.

Dağıntı bölgəsinə gedən xanım Storovoytova 1989-cu ildə məhz Ermənistandan SSRİ parlamentinə deputat seçilmişdi. Kiçik xalqların öz müqəddəratını təyinetmə hüququnun qızğın tərəfdarı olan Storovoytova müstəqil Rusiya reallığında da bu fəaliyyətini davam etdirmişdi. O, 1998-ci ildəki faciəli ölümünə qədər Dağlıq Qarabağın Ermənistan mənsub olduğu fikrini müdafiə edirdi.