Arizona Ştatından konqresmen Pol Qosar ABŞ Prezidenti Barak Obamaya məktubla müraciət edərək Azərbaycanın Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsinin vacibliyini bildirib.

Məktubda ABŞ-ın xarici siyasətinin dünyanın müxtəlif bölgələrində çətin bir durumda olduğu qeyd edilir, Birləşmiş Ştatların öz tərəfdaşlarını dəstəkləməsinin zəruriliyi vurğulanır.

Müraciətdə Azərbaycanın ABŞ-ın sınanmış müttəfiqi və önəmli strateji tərəfdaşı olduğu bildirilir, mürəkkəb bir bölgədə yerləşməsinə baxmayaraq daim Birləşmiş Ştatlar ilə tərəfdaşlığa sadiq qaldığı ifadə olunur. Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizəyə, Əfqanıstanda və İraqda sabitliyin bərpa olunmasına, eləcə də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi töhfələrdən söhbət açılır.

Konqresmen qeyd edir ki, keçən dövr ərzində Azərbaycan öz təbii resurslarından əldə etdiyi gəlirləri ağıllı şəkildə istifadə edərək iqtisadiyyatını yenidən qurub, ölkədə yoxsulluğun səviyyəsini 50 faizdən 6 faizədək azaldıb, ümumi daxili məhsulunu dəfələrlə artırıb, Cənubi Qafqaz bölgəsində ABŞ-ın ən böyük ticarət tərəfdaşına çevrilib.

Həmçinin konqresmen Azərbaycanın qədim tolerantlıq ənənələrindən, burada yəhudi və xristian icmalarının mövcudluğundan söhbət açır, Azərbaycanın bir çox müsəlman ölkələri üçün nümunəvi model olduğunu bildirir.

Sonda konqresmen qeyd edir ki, hazırda regionda baş verənləri nəzərə alaraq, Azərbaycan kimi tərəfdaş ölkələrin ABŞ tərəfindən dəstəklənməsi vacibdir.

Respublikaçılar Partiyasından olan Pol Qosar Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları və Təbii Sərvətlər komitələrinin üzvüdür./azertac/