“İŞİD terrorçu qruplaşmasının tərkibində döyüşərkən həlak olmuş Rövşən Bədəlova Tərtərdə nifrət var”.

Bunu Modern.az-a Tərtər rayon İcra Hakimiyyətinin adının çəkilməsini istəməyən vəzifəli şəxsi söyləyib. Bildirib ki, Tərtər camaatı onu nifrətlə anır. 

“O, bilərəkdən terrorçulara qoşulub, çünki, 50 yaşlı bir adamı aldadıb aparıblar demək gülüncdür”.

Rayon sakini deyib ki, hazırda Bədəlovla bağlı Tərtərdə mürəkkəb vəziyyət yaranıb. “İnsanlar ümumiyyətlə onun adının hallanmasına qarşıdırlar. Yerli sakinlər bununla bağlı çox narahatdır. Müsəlman “Allahu əkbər” deyib müsəlman qardaşının boynunu vurursa, o, İslama ibadət eləmir. Bu, İslama xidmət deyil. İstər aldadılıb gedənlər, istərsə də bilərəkdən gedənlər normal təfəkkürə sahib deyillər”.

Qeyd edək ki, Türkiyə mediası Suriyanın Kobani şəhərində gedən döyüşlər zamanı terrorçu “İraq Şam İslam Dövləti”nin (İŞİD) Qafqaz üzrə komandiri, əslən azərbaycanlı Rövşən Bədəlovun öldürüldüyü barədə məlumat yayıb.

50 yaşlı Xalid Azəri ləqəbli Rövşən Bədəlov 25 döyüşçüsü ilə ilə birlikdə koalisiya qüvvələrinin İŞİD mövqelərini bombaladığı zaman öldürülüb. 

Rövşən Bədəlov haqqında verilən məlumatda onun Azərbaycanın Tərtər rayonundan olduğu bildirilib.