Türkiyədə ötən gün üç əsgər terrorçuların qurbanı olub.

Hakkari vilayətinin Yüksəkova rayonunda üç əsgər terrorçu qruplaşmalardan birinin həyata keçirdiyi silahlı hücum nəticəsində ağır yaralanıblar. Lakin xəstəxanaya çatdırılan əsgərlərin həyatını xilas etmək mümkün olmayıb.

Baş verən hadisədən sonra hökumət cinayətkarların yaxalanması üçün tapşırıqlar verib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu əsgərlərin ölüm səbəbini törədənlərin əsas məqsədinin ölkədəki sakitliyi pozmaq və aranı qarışdırmaq olduğunu vurğulayıb: “Üç qəhrəmanımız şəhid oldu. Onların həyatına son qoyan alçaqlar barəsində təlimatlarımı vermişəm, alçaqlar yaxalanıb hesab verəcək.”

Türkiyənin daxili işlər naziri Efkan Ala cinayətkarların iki nəfər olduğunun ehtimal edildiyini bildirib. Onun sözlərinə görə, naməlum şəxslərin hadisəni törədərkən üzləri maskalı olub. 

Hazırda cinayətkar qrupun yaxalanması üçün axtarışlar davam etdirilir./ans/