Ötən günlərdə Naxçıvana səfər edən Qərbi Azərbaycan vilayətinin valisi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri iki tərəf arasında iqtisadi-ticari münasibətlərin genişlənməsi haqda müzakirələr aparıblar.

Tərəflər həmçinin Urmiyə və Naxçıvan şəhərlərində mədəniyyət həftələri keçirməklə bağlı qərar qəbul ediblər.

Qurbanəli Səadətin ötən günlərdə həyata keçirdiyi iki günlük rəsmi Naxçıvan səfəri barədə məlumat yayan Qərbi Azərbaycan valiliyinin veb səhifəsində mədəniyyət, idman və əkinçilik sahələrində Naxçıvan Muxtar Respublikası ilə müqavilələrin imzalandığı bildirilib.

Səadət və onun başçılığı ilə nümayəndə heyəti Ali Məclisin sədri Vasif Talibov və digər rəsmilərlə keçirdiyi toplantılardan əlavə, Naxçıvanın bir neçə ticarət və sənaye mərkəzini də ziyarət ediblər.

Qərbi Azərbaycan heyəti həmçinin Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin heykəli önünə əklil qoyub./voa/