“Biz Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini istəyirik. Düşünürük ki, Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə baş tutan görüşünün bir nəticəsi olacaq”. 

Modern.az saytının məlumatına görə, bunu Türkiyə Cümhuriyyətinin 91-ci ildönümünə həsr olunmuş tədbirdə jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun deyib.

O bildirib ki, avqust ayında qoşunların təmas xəttindəki gərginlik Qarabağ probleminin hərb yolu ilə doğru olmadığını göstərdi.

Səfirin sözlərinə görə Cənubi Qafqazda sabitliyi sülh yolu qazanmaq olar. “Beynəlxalq hüquq çərçivəsində problemlər həll olunmalıdır. Tarixi təhrif etməklə nəyəsə nail olmaq mümkün deyil. Güman edirik ki, Ermənistan rəhbərliyinin mövqeyində Qarabağla bağlı dəyişiklik olacaq”.

Səfir qondarma erməni soyqırımı təbliğatının qarşısını almaq üçün Türkiyənin görəcəyi biləcəyi işlər barədə də danışıb: “2015-ci il Çanaqqala savaşının da yüz illiyidir. Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu vaxtda, bu ilin aprel ayında uydurma erməni soyqırımı ilə bağlı bəyanatını diqqətlə oxumağı məsləhət görürəm. Biz bütün arxivləri açmağa hazırıq”.

İsmayıl Alper Coşqun Ermənistanın qondarma erməni soyqırımının 100 illiyinə Türkiyəni dəvət etməsinə isə belə münasibət bildirib: “Gündəmdə daha önəmli məsələlər var. Ermənistanın hər təklifinə, etdiyinə cavab vermək məcburiyyətində deyilik”.