Erməni geoloq Suren Ayvazyanın 1960-cı illərdə irəli sürdüyü bir iddia sonradan dünyanın bütün elmi dairələrində gülüş hədəfinə çevrildi. 

İrəvan yaxınlığındakı Qəmərli (Mesamor) bölgəsində qədim sikkələr və qaylarda yazılar tapan Suren Ayvazyan onların eradan əvvəl 19-cu əsrə aid qədim ermənilərə məxsus olduğunu iddia edib.

Ayvazyan hətta qaya üzərindəki işarələri də “oxuyub” və onları qədim erməni heroqlifləri sayıb. Erməni geoloq hətta tarix elmində yeni “Hayasa” nəzəriyyəsini irəli sürüb və ermənilərin qədimlərdən Van gölü ətrafında yaşadığını iddia edib. Bu ideyanın tərəfdarları Urartu dövlətinin də ermənilərə məxsus olduğunu iddia edirdilər. Halbuki, tarix elmi həmişə ermənilərin Balkan yarımadasından gəlmiş friqlərin bir qolu olduğunu, ermənilərdən qabaq Van gölü ətrafında nax-Dağıstan dillərində danışan, yəni çeçen və inquşların qohumu olan urartların yaşadığını vurğulayır. 

Ayvazyanın bu “kəşfi” dünyanın başqa yerlərində yaşayan erməniləri də ruhlandırıb və onlar hətta müxtəlif elmi jurnallara bu cəfəng fikri sızdıra biliblər. Məsələn, B.Mkrtçyan soyadlı bir erməni 1967-ci ildə Çexoslavikayanın “New Orient” jurnalında bu barədə “The Mystery of Metsamor” adlı məqalə dərc etdirib. 

Amma 1968-ci ildə Ermənistanın Tarix Muzeyinin numizimatika şöbəsində aparılan araşdırma göstərdi ki, həmin sikkələr Azərbaycan atabəyləri, konkret olaraq Eldəgəzlər sülaləsi tərəfindən bizim eranın 1133-1225-ci illərində buraxılıb. Həmçinin 1968-ci ildə professor V.A.Kraçkovski qayalardakı yazını oxuyub və müəyyən edib ki, bu, kufi ərəb əlifbası ilə yazılıb, yəni azərbaycanlılara məxsusdur. 

Beləliklə, Urartunun erməni dövləti olması barədə edilən iddialar sabun köpüyü kimi dağıldı. Suren Ayvazyanın bu “kəşfi” isə hələ də tarix elmi dairələrində lətifə kimi danışılır./ans/