Ucarda iki mərtəbəli ev yanıb.

ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, iki mərtəbli evdə başlayan yanğın qısa zaman ərzində alovlanaraq evi əhatə edib. Hadisə bu gün səhər saatlarında rayonun Alpout kəndində qeydə alınıb. Yanğın kənd sakini 35 yaşlı Həsən Tağıyevə məxsus 2 mərtəbəli, 4 otaq və aynabənddən ibarət evdə baş verib. Yanğın zamanı 2-ci mərtəbədə 81 kvadratmetr sahəsi olan 2 otaq və 60 kv.m sahəsi olan aynabənd əşyaları ilə birlikdə yanıb. 

Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin Ucar Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan 81 kv.m sahəsi olan 1-ci mərtəbəsi yanğından mühafizə olunub. 

Ev sahibi Həsən Tağıyev hadisə baş verən zaman yatdığından yanğının hansı səbəbdən baş verdiyini bilmədiyini, qızı üçün hazırladıqları cehizlərin hamısının yandığını deyib. 

Yanğın zamanı ailə üzvləri evdə olsa da xoşbəxlikdən ölən və xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi aparılan araşdırmalardan sonra məlum olacaq.