Xalqların Demokratik Partiyasının (HDP) İstanbul millət vəkili Səbahət Tuncel Türkiyə Böyük Millət Məclisində (TBMM) qalmaqallı təklif irəli sürüb.

HDP-dən olan kürd deputatın etdiyi təklifdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğnanın TBMM-də qondarma “erməni soyqırımı” üçün üzr istəməli olduğu bildirilir. 

S.Tuncelin irəli sürdüyü qanun layihəsində belə deyilir: “Türkiyədə sülhün bərqərar olmasından, dövlət ilə cəmiyyətin ümumi razılıq əldə etməsindən də əvvəl 1938-ci il “Dərsim qətliamı” qəbul edilməlidir. Dərsimdən başqa, Maraş, Sivas, Çorum qətliamları, ermənilərin “soyqırım”a uğradılması kimi dövlət tərəfindən cinayət tərkibli əməllər törədilib.”

Qanun təklifinə əsasən, Türkiyə prezidenti dövlət adına TBMM-də rəsmi olaraq üzr istəməlidir. Ertəsi gün prezident hadisənin baş verdiyi yerdə də üzr mətnini oxumalıdır. Üzr istəyi rəsmi olaraq həyata keçirildikdən sonra 1 il içərisində məsələ ilə bağlı TBMM-də qanunla Həqiqətləri Araşdırma Komissiyası qurulmalı, dövlətin nəzarətində olan bütün arxivlər açılmalıdır.

Bundan başqa, hadisənin yaşandığı günü “Milli matəm” günü olaraq elan edilməsi də istənilir. 

Xatırladaq ki, “Dərsim üsyanı” 1937-38-ci illərdə Tuncəli vilayətində mərkəzi hökumətlə Dərsimin yerli əhalisi arasındakı anlaşılmazlıqlar nəticəsində meydana gələn hadisələrdir. Dərsim xalqına qarşı ümumilikdə 1 il ərzində 4 hərbi əməliyyat təşkil edilib. Silahlı hərəkat 1938-ci ilin sonuna doğru sona çatıb. Hərəkat nəticəsində 13 160 nəfərlə 40 min arasında mülki şəxsin öldüyü, 2 248 ailənin və 11 min 818 nəfərin başqa yerlərə sürgün edildiyi qeyd olunur./ans/