Oktyabr ayında Kaxeti bölgəsində yerləşən 21 məscidin sənəd əsasında müsəlmanların ixtiyarına verilməsindən sonra indi Gürcüstanın Kvemo-Kartli, yəni Borçalı bölgəsində daha 23 məscid və ibadət evləri Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) balansına salınıb.

İdarədən əldə etdiyimiz məlumata görə əvvəllər ümumiyyətlə havada olan məscidlər 2011-ci ildən indiyədək İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərirdi. Lakin bu binaların heç bir rəsmi sənədi olmadığından məscidlərin işıq, qaz və su kimi kommunal ehtiyaclarını ödəmək mümkün olmurdu və ya qeyri-qanuni yollarda təmin edilirdi. 

Gürcüstanda yeni yaranan Dini Qurumlarla İş üzrə Agentlik məscid və ibadət evlərini reyestr xidmətindən keçirməklə onların aidiyyatı üzrə status almasına yardım edir. Bu isə məscidlərə kommunal şərait qurmaqla yanaşı onların havada qalmaması və sənəd üzərində də məscid kimi tanınmasına imkan verir.

Hazırda Gürcüstanda 300-dən artıq məscid və ibadət evləri mövcuddur ki, onların hələlik 54-ü aiddiyyatı üzrə Gürcüstan müsəlmanları İdarəsinə təhvil verilib. Hökumət isə bu proseslərin bundan sonra da davam edəcəyini və hissə-hissə bütün müsəlman ibadət ocaqlarının bu İdarənin balansına veriləcəyini bildirir.

Bu prosesin son zamanlarda ölkə ərazində yerli xristian əhali ilə müsəlmanlar arasında yaşanan xoşagəlməz halların aradan qaldırılması və müsəlmanlara diqqətin artımı kimi göstərilir./ans/