Səfil həyat tərzi sürən “bomj”lar əksər ölkələrdə, xüsusən inkişaf etmiş ölkələrdə ciddi sosial problemə çevrilib.

Dünyada yaşayan “bomj”ların dəqiq sayı ilə bağlı statistika mövcud olmadığından (onların daimi yaşayış yerinin, bir çoxlarının isə hətta sənədlərinin olmaması), onlarla bağlı təxmini rəqəmlər qeyd edilir.

Modern.az saytı xəbər verir ki, ayrı-ayrı beynəlxalq təşkilatların təxmini hesablamasına görə, ən çox evsiz və “bomj” Rusiya Federasiyasında yaşayır. 143 milyonluq ölkədə onların sayı 1,5-3 milyon nəfər çatır.

2-ci yerdə qərarlaşan ABŞ-da isə bu rəqəm 1,4-2,8 milyon nəfər arasında dəyişir.

Almaniyada 300 min, Kanada da100 min, Böyük Britaniyada isə evsiz və “bomj”ların sayı 150 min nəfərə çatır.

Maraqlıdır ki, 125 milyonluq Yaponiyada “bomj” ların ümumi sayı cəmi 20 min nəfər təşkil edir.

Bəs, Azərbaycanda vəziyyət necədir?

Əvvəlcə məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövqeyini diqqətə çatdırırıq.

Nazirliyin İstimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev deyir ki, “bomj”larla bağlı hər hansı statistika Azərbaycanda aparılmır.

“Ötən qış mövsümündə ölkəmizdə qarlı-şaxtalı günlərdə vətəndaşların kəskin hava şəraitindən qorunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərinin Xətai, Nərimanov, Nəsimi, Nizami, Yasamal rayonlarında və Sumqayıt şəhərində müvəqqəti sığınacaqlar yaradıldı.

Sığınacaqlarda əsasən, yaşayış yerinə getməkdə, o cümlədən rayondan müvəqqəti olaraq Bakıya gəlmiş və yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar işləyənlər, faktiki yaşayış yeri uzaqda olanlar, yaşayış və ya gecələmək üçün yeri olmayanlar (küçə uşaqları, atılmışlar və s.) olub.

Həmçinin müvəqqəti isinməyə və ilk yardıma ehtiyac duyan vətəndaşlar 24 saat ərzində yataqla, 3 dəfə isti yemək və çayla, istiliklə, lazım gəldikdə tibbi xidmətlə təmin olunublar. Sığınacaqlara ehtiyacı olan, lakin gələ bilməyən şəxslər barəsində 142-Qaynar xətt və ya müvafiq icra orqanları vasitəsilə məlumatlar alınaraq onların da qısa müddətdə sığınacaqlara gətirilməsi təmin edilib.

Bu sığınacaqlardan ümimilikdə 650-yə nəfərədək şəxs istifadə edib. Onların böyük qismi açıq havada səyyar işləyənlər və rayondan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər olublar”.

Nazirlik rəsmisinin sözlərinə görə, sözügedən sığınacaqlar heç də yalnız səfil həyat tərzi keçirən “bomj”lar üçün nəzərdə tutulmayıb:

“Sığınacaqlar yaşayış yerinə getməkdə, o cümlədən rayondan müvəqqəti olaraq Bakıya gəlmiş və yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər, açıq havada səyyar işləyənlər, faktiki yaşayış yeri uzaqda olanlar və digərləri üçün təşkil olunub. Onlardan istifadə edənlərin də əksəriyyəti açıq havada səyyar işləyənlər və rayondan müvəqqəti olaraq Bakıya gələrək yenidən öz rayonuna qayıtmaqda çətinlik çəkənlər olublar.

Hazırkı qış mövsümündə də hava şəraitinin kəskinləşməsi səbəbindən ehtiyac yarandığı təqdirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müxtəlif yerlərdə sığınacaqların yaradılması üçün müvafiq işlər aparılacaq”.

Dövlət Statsitika Komitəsindən də bildirilib ki, “bomj”ların rəsmi statistikası aparılmır.

Azərbaycanın adı “bomj”ları çox olan ölkələr sırasında yoxdur. Bunu məsələ ilə bağlı hesabatlar hazırlayan beynəlxalq qurumların sənədlərindən də görmək olar.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, son zamanlar Azərbaycanda “bomj”lar azalıb. Əgər əvvəllər müxtəlif vaxtlarda ölkənin böyük şəhərlərində belələrinə rast gəlmək mümkün idisə, indi çox nadir hallarda onları görmək olar.