Bu il dördüncü çağırışda Milli Məclisə seçilən deputatların səlahiyyəti başa çatacaq.

Modern.az saytı ayrı-ayrı deputatlardan ötən müddətdə seçki platformalarını necə yerinə yetirdiklərini öyrənib. Eyni zamanda onlardan 2015-ci ildə yenidən namizədliklərini irəli sürüb-sürməyəcəkləri soruşulub.

Qeyd edək ki, bütün deputatların bu məsələ ilə bağlı mövqeyini öyrənməyə çalışacağıq. 



93 saylı Bərdə şəhər seçki dairəsindən seçilən Zahid Oruc
 siyasi fəaliyyətini davam etdirmək fikrindədir: 
“Parlament seçkilərində namizəd olan şəxs xüsusi ideyalarla çıxış etməli və onun platforması olmalıdır. Seçici qarşısında vəd verməyə borcludur. Kimsə düşünürsə ki, parlament üzvü icra orqanlarının hansısa təsərrüfat subyektlərinin işi ilə bağlı nöqsanlarını qabartmamalıdır, ona dair mövqelərlə çıxış etməməlidir, yalnız qanunvericiliklə məşğul olmalıdır, çox yanlış yanaşmadır.

Hesab edirəm ki, bu, özünü hər hansı məsuliyyətdən kənarlaşdırmaq, əslində isə əlini ağdan-qaraya vurmamaq mövqeyidir. 2030-cu ilin, yaxud 2050-ci ilin deputatının qayğıları fərqli olacaq. Bu, doğrudur.  Ancaq hazırkı dövrdə parlament üzvü öz-özlüyündə təkcə qanun quruculuğu işinə töhfə vermir, hüquqi aktlarla ölkəsinin quruculuğuna təsir göstərmir, o həm də bir sıra hallarda icra orqanları ilə bərabər hökumətə, dövlət strukturlarına ayrı-ayrı müraciətlərdə çıxış edir.

Müxtəlif ictimai problemlərin qabardılmasında rol oynayır, onu tirajlayır, gündəmdə saxlayır, tribunaya gətirir, müəyyən hökumətin hesabatlarında, yaxud büdcə müzakirələrində qabardır və sairə. Beləliklə, o bölgənin həyatına real təsir imkanları var. 4 il bundan öncə, Bərdənin həyatında qeyd etdiyimiz məsələləri daha qabarıq şəkildə qoymuşduq. Plakatlarımızda da seçicilərin ünvanına birbaşa göndərmişdik. O məsuliyyət üzərimizdə qalırıq. Bunların böyük əksəriyyəti reallaşıb. Bərdədə ən çox problem yanacaq, su, məktəblərin amartizasiya dövrünü başa vurması ilə bağlı idi. Bu sahədə köklü dəyişikliklər var.

İlk növbədə, dövlət başçısının qərarları ilə büdcədə yaranmış maliyyə imkanları hesabına o məsələlərin həllində aktivlik göstərərək, hökumətlə daim görüşərək müxtəlif nazirliklər qarşısında o problemləri qaldıraraq,  həllinə müəyyən səviyyədə nail olmuşuq. Ən böyük problem iş yerləri ilə bağlıdır və qalmaqda davam edir. Düşünürəm ki, istehsalat mərkəzlərinin, yeni fabrik-zavodların açılması nöqteyi-nəzərindən bizim çağırışlarımız hələ ki istədiyimiz səviyyədə gerçəkləşməyib.

Vətəndaş üçün parlament üzvünə müraciət zamanı dəqiq kriteriya, çərçivə yoxdur ki, hansı xarakterli məsələləri qabarda bilər. Vətəndaş 18 yaşına çatıb ali məktəbə daxil ola bilməyib. Parlament üzvündən bu məsələ ilə bağlı yardım istəyir. Onun düşüncəsinə o fikir hakim kəsilib ki, deputat bu məsələdə rol oynaya bilər. Belə müraciətlər də olub.

Növbəti parlament seçkilərində iştirakıma gəlincə, deyə bilərəm ki, noyabr ayına təyin olunan seçkilərə gedən şəxslər bir neçə məsələni əsas götürməlidirlər. Bunlar insanlara xidmətdir,  dövlət quruculuğuna nə dərəcədə töhfə verə biləcəyidir. Deputat olmaq istəyən özünü hansı komandaya, hansı siyasi kursa daha yaxın saydığını da müəyyənləşdirməlidir. Biz ulu öndərin ideallarını bölüşən, o kursun tərəfində olan insanlarıq. Liderimizin İlham Əliyev olduğunu dəfələrlə bəyan etmişik. Əgər bu komanda və YAP hesab edəcəksə ki, biz gələcək siyasi idarəçilikdə parlament hakimiyyətində təmsil olunmaqla bu millətə və dövlətə xidmət edə bilərik, bu qərarımız müsbət olacaq və prosesdə iştirak edəcəyik. Əks qərar verilsə belə, bu, bizim əqidəmizdə, siyasi kursumuzda dəyişiklik yaratmayacaq. Zahid Orucun siyasətdəki  mövcudluğuna gəldikdə, şübhəsiz ki, siyasi həyatda qalmaq və fəaliyyətimi davam etdirmək düşüncəsindəyəm”.



28 saylı Sabunçu üçüncü seçki dairəsindən seçilən Eldar Quliyev
 növbəti parlament seçkilərində iştirak etməsi barədə indidən nəsə deməyi doğru saymır:  “Sosial məsələlərlə əlaqədar nə söz verilmişdisə, 4 il ərzində yerinə yetirilib. Məsələn, platformamda poliklinikanın yenidən qurulması və tikilməsi var idi. Həmin kənddə poliklinika 3 ildir fəaliyyət göstərir. Qəsəbələrarası yolların asfaltlaşdırılması ilə bağlı vədim də yerinə yetirilib. Su, qaz, işıq məsələləri də öz həllini tapıb. Köhnə borclar tamamilə ləğv olunub. 255 saylı məktəb yenidən tikilib və təmir olunub. Məktəb hazırda yeni görkəmdə fəaliyyət göstərir.

Mədəniyyət evi də yenidən bərpa olunub. Bu tipli sosial məsələlər həll olunub. Təbii ki, gündəlik müraciətlər də olur. Bəzən seçicilərimiz bizim səlahiyyətimizdə olmayan məsələlərlə bağlı müraciət edirlər. Məsələn, hüquq-mühafizə orqanları əvəzinə bizə müraciət edirlər, torpaq alınması, ev təmiri ilə bizə müraciətlər də olur. Bəzilərini imkan daxilində edirik, bəziləri isə alınmır. Belə də olur.

Yenidən namizədliyimi verməyə gəlincə, vaxta çox qalır. Seçki noyabr ayında keçiriləcək. O vaxta baxarıq”.  



114 saylı Şəki kənd birinci seçki dairəsindən seçilən Əli Məsimli
 də indidən seçkilərə qatılmaq barədə danışmağın tez olduğunu deyib: 
“Növbəti dəfə deputat olmaq istəyi bir sıra amillərdən asılıdır. Fikrimizcə, seçkidə iştirak etmək arzusunda olan hər kəs öz gücünü, bacarığını, ictimai və siyasi potensialını, cəmiyyətin ona münasibətini və cəmiyyətə real fayda vermək imkanlarını obyektiv dəyərləndirməklə hərəkət etməlidir. Milli Məclisə seçkilərə hələ 10 aya qədər vaxt qalır.  

Bu müddət ərzində platformamı, indiyə qədər gördüyüm və bundan sonra da görə biləcəyim işləri obyektiv dəyərləndirməklə, həm də əlbəttə, ilk növbədə əgər seçicilərin əhvali-ruhiyyəsi növbəti dəfə də namizədliyimi görməyə köklənəçəksə, onda qismət olsa, növbəti parlament seçkilərinə qatılacam. Əsas məqsəd yenə də Azərbaycanı, parlamenti və seçiciləri layiqincə təmsil etmək olacaq”.



108 saylı Ağstafa seçki dairəsindən seçilən Nizami Cəfərov 
deyib ki, özünün növbəti parlament seçkilərində iştiraka təşəbbüs göstərməsi maraqlı deyil:

“Son 4 ildə ən maraqlı cəhətlərdən biri o oldu ki, icra orqanları da seçicilərlə daha sıx təmasda oldular. Bizim işlərimizin bir hissəsi həll olunub. Elə məsələlər var ki, biz onu həll etdik. Elə məsələlər var ki, heç zaman problem kimi aradan qalxmayacaq. Məsələn, kimsə iş istəyir, kiməsə maddi təminat lazımdır. Belə məsələlər bütün dünyada olduğu kimi bizdə də var.

Növbəti parlament seçkilərində iştirakıma gəlincə, deputatlığa növbəti dəfə namizədliyimi verib-verməməyim mənsub olduğum partiyanın mövqeyindən asılıdır. Artıq 3-cü dəfədir parlamentin üzvüyəm. Parlamentə seçilmək üçün tərəfimdən təşəbbüs göstərilməsi birinci seçkidə maraqlı idi. Amma ikinci, üçüncü seçkidə bunu artıq mənsub olduğum partiya müəyyənləşdirir. Təbii ki, YAP-ın mövqeyi ilə hesablaşacağam”.