Güneyli yazar və siyasi fəal Eldar Qaradağlı Amerikanın Səsi ilə söhbətdə keçən illərdə yaydığıAzərbaycan Mərkəzli Türkçü Düşüncə adlı kitabı haqqında danışıb.

Qaradağlının sözlərinə görə, Azərbaycan Mərkəzli Türkçü Düşüncə kitabı onun uzun illərlə Azərbaycan Milli Hərəkatında fəal olmağının nəticəsidir və xüsusilə güney məsələsi ilə bağlı milli, siyasi və ideoloji bir baxış sərgiləmişdir.

“Kitabda önümüzə çıxan təcrübələrdən yola çıxaraq doğru-düzgün bir baxış ortaya qoymağa çalışılıb... Belə ki, bəzi hadisələri dəyərləndirərək tarixi hadisələrdən necə nəticə alınacağına işarə olunub,” deyə İsveçdə mühacirətdə yaşayan güneyli fəal söyləyib.

Onun dediklərinə görə, kitabdakı  bəzi fikirlər ilk dəfə olaraq gündəmə gətirilib.

Yazar kitabın adındakı “türkçü düşüncə” anlayışını açıqlayaraq Sovet Azərbaycanında, xüsusilə də Stalin dönəmində türk kimliyinə qarşı yürüdülən siyasət, eləcə də İran Azərbaycanında müxtəlif sağçı və solçu qrupların türk varlığının ziddinə həyata keçirdikləri layihələrə toxunur.

O, həmçinin “türkçü düşüncə” anlayışında nəzərdə tutduğu türk sözü ilə güneydə yaşayan etnik türklər, yaxud “türk dünyası”nı qəsd etdiyi ilə bağlı sualları cavablandırır.

Eldar Qaradağlı müsahibədə həmçinin “İran mərkəzli farsçı düşüncə” və “İran türkçülüyü” adlandırdığı fikir cərəyanlarından söz açıb.

Azərbaycan Mərkəzli Türkçü Düşüncə kitabında yazar tarix, milli kimlik, dil, dövlətçilik və milli hərəkatdan əxlaq və sosial sistemə qədər geniş mövzular haqqında düşüncələr və dəyərləndirmələrini dərc edib.

Azərbaycan Mərkəzli Türkçü Düşüncə