“Əli və Nino” filminin çəkilişləri ilə əlaqədar İçərişəhərdə avtomobillərin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən ans-ə verilən məlumata görə, Bakı şəhərində Qurban Səidin eyniadlı əsəri əsasında ekranlaşdırılan “Əli və Nino” filminin çəkilişləri başlayıb. Film çəkilişlərinin bir hissəsinin cari ilin mart-aprel aylarında İçərişəhərdə keçirilməsi planlaşdırılır. 

Filmin çəkilişləri ilə əlaqədar mart ayının 2-dən 14-ü tarixə qədər İçərişəhərə avtomobillərin girişi və hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq. Mart ayının 4-dən İçərişəhərin Qoşa Qala Qapısı girişindən nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq, Neftçilər prospekti tərəfindən olan girişdən isə giriş-çıxış yalnız İçərişəhərin sakinləri və elektron kart sahibi olan digər rezidentlər üçün açıq olacaq.

Çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində aparılacaq. Əsərdə dövrlə bağlı obraz və hadisələri dolğun canlandırmaq üçün həmin məkanlarda XIX əsrin sonu və XX əsrin əvvəllindəki Bakı mühitinə uyğun dekorasiyalar qurulacaq. 

Çəkilişlərlə əlaqədar İçərişəhərin sakinləri və qonaqları üçün yarana biləcək müvəqqəti narahatçılığın minimuma endirilməsi məqsədi ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən bütün lazımi tədbirlər görüləcək.