Mərkəzi Bankın manatın qiymətini dollara nisbətdə azaltmaq qərarından sonra banklar və onlardan ABŞ dolları ilə kredit götürmüş vətəndaşlar arasında kreditlərin devalvasiyadan əvvəlki, yaxud sonrakı məzənnə ilə ödənilməli olduğu ilə bağlı mübahisə yaranıb. Banklar kreditlərin yeni, vətəndaşlarsa köhnə məzənnə ilə ödənilməli olduğunda israrlıdırlar.

Mayın 7-də Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı müraciətlərə baxaraq qərar qəbul edəcəyi, bununla da problemin həll olunacağı gözlənilir.

Hazırda bir çox vətəndaş da məhkəmə qərarı elan edilənədək kredit ödəmələrini dayandırıb. Bəs Konstitusiya Məhəməsinin qərarı ilə bağlı hansı gözləntilər və proqnozlar var?

Veriləcək qərar nəyi dəyişə bilər? 

Məhkəmə nə deyəcək?

İqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, əgər Konstitusiya Məhkəməsi bu məsələni sırf hüquqi nöqteyi-nəzərdən incələyəcəksə banklara sərf edən qərarın qəbul edilməsi ehtimalı çox yüksəkdir. Hazırkı qanunvericilikdə mövcud olan “öhdəlik yaranan gün” anlayışı bunu düşünməyə əsas verir. Bu anlayış əsas gətirilərsə, xarici valyuta ilə götürülmüş kreditlərin məhz yeni məzənnə ilə ödənilməli olduğu üzə çıxacaq.

Lakin əgər Konstitusiya Məhkəməsi məsələyə təkcə hüquqi nöqteyi-nəzərdən deyil, həm də özünün şərhvermə hüququndan istifadə edərək baxarsa və yaxud qanunların dəyişdirilməsi ilə bağlı bir qərar çıxararsa, bunun ardınca qaydalara və qanunlara bəzi dəyişikliklər edilməsi məsələsi gündəmə gələ bilər.

Lakin bank sistemində vəziyyətin ağır olduğunu deyən ekspert, qərarın məhz bankların xeyrinə olacağı ehtimalının çox yüksək olduğunu güman edir. O bunu geri dönüşü çətin olan kreditlərin hər ay sürətlə artması, bununsa öz növbəsində bank sektoruna ciddi təzyiq yaratması ilə izah edir. Natiq Cəfərli buna görə də əgər qərar bankların əleyhinə, vətəndaşların leyhinə olarsa, bank sektoruna ciddi dəstək proqramlarının həyata keçirilməsinə ehtiyac yaranacağını, bankların bu ziyanın öhdəsindən təkbaşına gələ bilməyəcəyini qeyd edir.

Dövlət də borc yükü altına girməldir ...
Ekspert qərarın həm bankların, həm də vətəndaşların maraqlarını təmin edə biləcək ortaq məxrəc əsasında qəbul edilməsinin tərəfdarı olduğunu deyir. Bu isə dövlətin öz üzərinə müəyyən öhdəliklər götürməsini nəzərdə tutur. Əgər məsələ vətəndaşların xeyrinə həll olunsa, onda dövlət öz üzərinə müəyyən öhdəliklər götürüb banklarda yaranmış problemin həllində pay sahibi olmalıdır.

Lakin ölkəyə daxil olan vəsaitlərin azaldığı bir dövrdə dövlət bu addımı atmaq, dəstək və təşviq proqramına başlamaq istəyəcəkmi? Deyilənləri nəzərə alaraq ümumən qərarın bankların xeyrinə qəbul olunacağı ehtimalı həddindən artıq yüksəkdir. 

Əgər qərar bankların yox, vətəndaşların xeyrinə olarsa onda bu vaxta qədər ödənilməmiş kreditlər köhnə məzənnə ilə ödənəcək. Bu halda devalvasiya nəticəsində yaranmış 34%-lik fərq bankların üstündə qalacaq, bu isə ümumilikdə bank sektoruna ağır zərbə ola bilər. “Məhz buna görə də qərarın bankların xeyrinə olacağı gözlənilir,” deyə ekspert fikrini yekunlaşdırıb.

Ekspert Samir Əliyev yaranmış mübahisənin Mülki Məcəllənin iki maddəsi, 439.2 və 439.7 arasındakı ziddiyyətdən qaynaqlandığını deyir. Əgər bu maddələrdən birində “öhdəliyin yarandığı gün mövcud olan məzənnə” amili əsas götürülürsə digərində “ödənişin edildiyi gün mövcud olan məzənnə” əsas sayılır. “Təbii ki, Konstitusiya Məhkəməsinin qərarı məsələnin həlli üçün əsas götürüləcək” – deyir ekspert.

Samir Əliyevin də gözləntisinə görə Konstitusiya Məhkəməsinin qərarı məsələni bankların xeyrinə həll edəcək. O bunu bankların mövqeyinin əhalinin mövqeyi ilə müqayisədə daha güclü olması ilə izah edib. Ekspert həm də bu məsələdə Mülki Məcəllənin hazırlanması zamanı dil üslubunda yol verilmiş qüsurun da rolunu qeyd edib.

O, mövcud qanunvericiliyi başqa ölkələrin müvafiq qanunvericiliyi, xüsusən də ən çox istinad olunan Rusiya qanunvericiliyi ilə müqayisə etdiyini, orada birmənalı olaraq “ödəniş günü mövcud olan məzənnə”nin əsas götürüldüyünü vurğulayıb.

Bankların ziyanı...
Samir Əliyev diqqəti tərəflərin düşə biləcəyi mümkün ziyana yönəldərək hər iki tərəfin mümkün itkilərini müqayisə edib. Sözü gedən 34% itkinin fərdi vətəndaşlar üçün hər 1000 manata əlavə 340 manat, banklar üçünsə bunun çox nəhəng bir məbləğ olduğunu vurğulayıb. “Əgər bankın 5 milyard dollar öhdəliyi varsa bu zaman yarana biləcək əlavə öhdəlik 1.5 milyard dollardan çox olur.”

Bundan başqa, bankın vətəndaşlar qarşısında dollar əmanətləri ilə bağlı öhdəliyi var. Bu isə o deməkdir ki, bank həmin əmanətləri də köhnə məzənnə ilə ödəyəcək. Nəzərə alanda ki, bank xaricdən krediti köhnə məzənnə ilə götürüb vətəndaşa təzə məzənnə ilə qaytarır, bankın itkilərini təsəvvür etmək çətin deyil. Ekspert bank sektorunun onsuz da devalvasiyadan çox böyük zərərlə çıxdığını da vurğulayıb.

Bankları xilas etmək lazımdır ...
BBC-yə görə, ekspert bütün yuxarıda deyilənləri nəzərə alaraq məhz bankların marağını təmin edəcək qərarın qəbul ediləcəyini proqnozlaşdırır. Əks halda bankların külli miqdarda ziyana düşməsi, bank sisteminin çökməsi, bunun ölkə iqtisadiyyatına öz neqativ təsirini göstərməsi, nəticədə isə hazırda 34 faiz ziyana düşmüş vətəndaşlar da daxil olmaqla ölkə vətəndaşlarının 100-200 faiz ziyana düşməsi baş verə bilər.

“Bank sektorunu qorumaq lazımdır ki, sonra vətəndaşlar bundan zərbə almasınlar. Onsuz da vətəndaşlara müəyyən güzəştlər olunub. Ödəmə müddəti uzadılıb, faizlərsə azaldılıb”./ans/