Bu gün Azərbaycanda fəaliyyət göstərən kiçik və orta sahibkarlar öz bizneslərini qurmaqda çətinlik çəkir. Məlumdur ki, kiçik və orta sahibkarlığın inkişafı ölkədə orta təbəqənin formalaşmasında mühüm rol oynayır.

Sahibkarlığın ləng inkişafı bir çox amillərlə, bütövlükdə isə yüksək çinli məmurların onlara “yağlı tikə” kimi baxması ilə bağlıdır. Ölkə başçısının Azərbaycanda bu sahənin inkişafına dair qəbul edilən qərarları var və o, keçirdiyi müşavirələrdə sahibkarların ən böyük müdafiəçisinin özü olduğunu bəyan edib. Buna baxmayaraq, bu sahədə problemlər qalmaqda qalmaqda davam edir.

Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a Azərbaycanda sahibkarlığın özünə yer tapması, iqtisadi sferada aktiv imkanlar əldə etməsi üçün ötən dövr ərzində müəyyən hüquqi imkanlar yaradıldığını deyib:

“Sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin aradan qaldırılması üçün müxtəlif tədbirlər həyata keçirilib. Xüsusilə ölkə başçısı İlham Əliyevin 2011-ci ildən sonra verdiyi tapşırıqlar əsasında məsələ ilə bağlı 1-2 quruma səlahiyyətlər verilməsi üçün dəqiq qaydalar toplusu yaradılıb və Ədliyyə Nazirliyi yanında xüsusi hərəkət xətti hazırlanıb.

Gerçəklik isə xeyli fərqlidir. Təəssüflər olsun ki, müxtəlif səviyyələrdə sahibkarlıq fəaliyyətinə bu və ya digər maneələr bu gün də qalmaqdadır. Böyük iqtisadi təşəbbüslər, istehsalat sahələri, büdcənin bir sıra öhdəlikləri, sahibkarlıq subyektlərinin çiyinlərindədir. Digər tərəfdən isə qeyri-rəsmi ödənişlərin olması da onların fəaliyyətinə mənfi təsir edir.

Qeyri-bərabər şəraitin yaradılması bazar konnekturasında ayrı-ayrı subyektlərin üst şəraitə, digərlərinin isə aşağı şəraitə qoyulması kimi tendensiyalar müşahidə edilməkdədir. Anti-monopol qanunların işləməməsi, mükəmməl olmaması, natamam işləməsi, eyni zamanda mənəvi-psixoloji yanaşmalar da məsələyə təsir edir. Biz “sahibkar qazanc əldə edəcək və kimlərsə ona şərik olmalıdır” deyə düşünəcəyiksə, onlara zərbə vurmuş olacağıq.

Belə çıxır ki, kiçik sahibkarlıq onların yeminə çevrilir. Bunun qarşısı alınmalıdır. Sahibkarların fəaliyyətinə hansısa qeyri-rəsmi vergi tələb edənlərə elə sərt cəzalar tətbiq edilməlidir ki, bu ölkədə sahibkarlığın perspektivli sahə olduğunu hər kəs dərk etsin, insanlar bu sektora can atsınlar. Çünki orta təbəqənin formalaşması məhz onlardan asılıdır”.

Z.Orucun fikrincə, inhisar amilləri burada rol oynasa da, Azərbaycanın daxili bazarı kifayət qədər böyük deyil: “Burada təbii monopol qurumlar öz-özünü formalaşdırır. Məsələn, “Qaradağ sement” bu ölkədə böyük işi apararkən hökumət strukturları ilə konkret müqavilə imzalayıb. Bu o deməkdir ki, onlar kənar məhsulların bura gətirilməsi üçün hökumətin öz üzərinə məsuliyyət götürməsini istəyir. Əvəzində onlar daxildə vətəndaşların təminatı üçün şərtlərə əməl etməlidirlər. Həm də bu cür iri zavodların ikinci və üçüncüsünün yaradılmasının perspektivi olmayacaq.

Ən önəmli məsələ fəaliyyət imkanlarında, hər hansı şəkildə sahibkara umacaqlı yanaşılmasındadır. Əgər kimsə özünün gələcək işlərini planlaşdıra bilmirsə, əldə etdiyi vəsaitlərə kimlərsə barmaq uzadırsa bu avtomatik onların işinə ziyan vurur, planlarının üzərinə xətt çəkir. Eyni zamanda motivasiyalarını xeyli aşağı salır. “Azərbaycandan kapital axını” ifadəsindən çıxış edənlər məhz  bunu vurğulayırlar.

Dövlətin ən yüksək elitası sahibkarlığa böyük meydan verdiyi, kənar investisiyaların ölkəyə cəlb olunması üçün ən mühüm işlərin həyata keçirildiyi bir dönəmdə, yerli qurumlar, ən adi təşkilatların təmsilçiləri onlara mane olur. İrili-xırdalı 30-a qədər belə qurum sadalamaq olar. Təəssüf ki, icra orqanları, hökumətin bəzi strukturları da bu yöndə maneə törədirlər. Paralel şəkildə mütləq qeyd etmək lazımdır ki, külli miqdarda vəsait İqtisadi İnkişaf Nazirliyi sferasında Sahibkarlığa Yardım Fondu xəttiylə bu sektora, o cümlədən aqrar sektora sərf olunur.  Amma götürülmüş resursun icrasına başlayanda avtomatik orada hansısa problemlər başlanır.

“Şeytan detallarda gizlənir” deyiminin detallarına varanda, qeyd olunan qüvvələrin də sahibkarlığın kök atmasına mənfi təsir göstərdiyinin şahidi oluruq”.