“Biosfer” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Xəzər rayonunda yaşayan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün peşəyönümlü kursların təşkili” layihəsinin icrasını başa vurub.

Təşkilat rəhbərliyi layihənin icra prosesi, görülmüş işlər və ortaya çıxan nəticələrlə bağlı iyulun 28-də mətbuat konfransı keçirib. Layihə rəhbəri Tural Məmmədov bildirib ki, cari ilin may-iyun-iyul aylarını əhatə edən layihə müddətində Xəzər rayonunun Mərdəkan, Türkan, Binə, Buzovna, Şağan və Şüvəlan qəsəbələrində yaşayan qaçqın və məcburi köçkün uşaqlar üçün peşəyönümlü kurslar təşkil olunub:

“Ümumilikdə 80 nəfərə yaxın uşağın cəlb olunduğu kurslarda onlara toxuculuq (şərf, jilet, köynək, corab və digər geyimlərin öyrədilməsi), tikmə (milli ornamentlərdən istifadə etməklə klassik üslublu bədii mənzərə və tabloların öyrədilməsi), dərzilik və digər peşələr öyrədilib. Layihənin gedişi müddətində 10-dan artıq təlim keçirilib və təlimlərlə bağlı ictimaiyyətə mütəmadi informasiyalar verilib”.

Layihə üzrə təlimçi Zülfiyyə Salayeva məlumat verdi ki, ötən müddət ərzində kurslara cəlb edilmiş uşaqlar müxtəlif tipli suvenirlər, aksesuarlar, bəzək əşyaları, muncuqlarla düzəldilmiş heyvan fiqurları, hörmələrdən ibarət rəsmlər və sair hazırlayıblar. Qeyd edək ki, layihə Xəzər rayonunda yaşayan qaçqın və məcburi köçkünlərin sosial vəziyyətlərinin yaxşılaşdırılması və onların gələcəkdə sahibkarlıq subyektləri kimi formalaşmaları üçün peşəyönümlü kurslara cəlb edilməsindən bəhs edir.

Layihə çərçivəsində göstərilən məqsədə nail olmaq üçün aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinin zəruriliyi təşkilatın ən mühüm vəzifələrindən biri kimi nəzərdə tutulmuşdur.

Bu fəaliyyət planına daxildir:

• Xəzər rayonunda peşə təhsilinin ictimai statusunun yüksəldilməsi;

• Qaçqın və məcburi köçkünlər arasında peşə təhsilinə həvəsin oyadılması;

• Xəzər rayonunda peşə təhsilli mütəxəssislərlə müvafiq biznes qurumları arasında əməkdaşlığın yaradılması.

Elnur Eltürk