Şirvanda qayın yeznəsini kredit üstündə bıçaqlayıb.

Hadisə iyulun 30-da axşam saat 23:30 radələrində Şirvan şəhəri M.Əzizbəyov küçəsi 21 ünvanında yerləşən fərdi yaşayış evində baş verib. Hacıqabul sakini 1978-ci il təvəllüdlü Elşən Əlizadə oğlu Bağıyev yeznəsi (kürəkəni)

1979-cu il təvəllüdlü Cəfərov Fizuli Vilayət oğlunu öz evində bıçaqlayıb. Daxilə keçən və ağ ciyəri zədələyən bıçaq zərbəsi alan yaralı Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib və əməliyyat olunub. 

Bıçaqlanan şəxsin qardaşı Nizami Cəfərovun APA-nın Mil-Muğan bürosuna bildirdiyinə görə, hadisə qohumlar arasında bankdan götürülən kredit üstündə olub.  Belə ki,  qayınatası Əlizadə Bağıyev kürəkənindən 5 min manat kredit götürməyi xahiş edib.

Fizuli Cəfərov bankların birindən 5 min krediti öz adına götürərək qayınatasına verib. Qayınata kredit borcunun7 ayını ödəsə də sonradan borcun ödənilməsi dayandırılıb.   Nəticədə bank krediti Fizuli Cəfərovun təqaüdündən tutub. Fizuli Cəfərov qohumlarından kreditin ödənilməsini tələb edib.

Axşam radələrində Fizulu Cəfərovun evinə gələn qayınata, qayınana və qayın krediti ödəməyəcəklərini bildiriblər. Yaranmış mübahisə nəticəsində əvvəllər məhkum olunmuş Elşən Bağiyev yeznəsini  bıçaqlayıb.

Hazırda Şirvan polisi tərəfindən hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat tədbirləri həyata keçirilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.