“Müğənni Tacir Şahmalıoğlunun qardaşı Mahir Allahverdiyevin dənizdə batmış meyitinin axtarışıları davam etdirilir”. 
 

Bu haqda Modern.az saytına Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev məlumat verib.

O, bildirib ki, iyulun 31-də saat 14:50 radələrində Dövlət Sularda Xilasetmə Xidmətinə Novxanı çimərliyindən 3500 metr solda, çimərlik üçün qadağan olunmuş ərazidə skuterin aşması barədə məlumat daxil olub: 

“Məlumata əsasən həmin skuterdə 3 nəfər olub. Bu şəxslərin ikisinin üzərində xilasedici gödəkcə olub, birində olmayıb. Məlumat daxil olan kimi, dərhal hadisə yerinə Novxanı, Corat, Sumqayıt xilasetmə məntəqəsinin dalğıcları cəlb olunublar. Amma hadisənin konkret yeri göstərilmədiyinə görə, axtarış işləri təxmini 300 metr radiusda, dənizin içərisinə doğru 5 kilometr dərinliyə doğru həyata keçirilir.

Hazırda 3 məntəqənin dalğıc xilasediciləri tərəfindən həmin ərazidə sualtı enmələr davam etdirilir. Həmin şəxsin meyiti sudan çıxarılına kimi əməliyyatlar davam etdiriləcək”.

Mənsur Piriyev onu da əlavə edib ki, həmin ərazidə təhlükəsizliklə bağlı tələblər kobud şəkildə pozulub: “İlk növbədə qeyd edək ki, 3 nəfərin skuterə minməsi düzgün deyil. Skuterin dənizə doğru 5 kilometr məsafəyə kimi sürülməsi də çox təhlükəlidir. Həm şəxsi, həm də müxtəlif obyektlərin su nəqliyyat vasitələrindən istifadə edən zaman təhlükəsizlik qaydalarına əməl etməlidirlər.

Çimərlik ərazisinə su nəqliyyat vasitəsi  çıxarıla bilməz. Orada insanlar var, bu, təhlükə yaradır. Skuterlər xüsusi təyin olunmuş xüsusi zolaq boyu çəkilmiş xətt üzrə sahilə çıxa bilər. Eyni zamanda istirahət mərkəzlərində skuterlərin idarə olunması 18 yaşı tamam olmamış, sürcülük vəsiqəsi olmayan, spirtli içki qəbul etmiş şəxslərə verilə bilməz”.

Sektor müdiri deyib ki, ölkə ərazisində qeyd alınan suda batma halları ilə bağlı məlumatlar nazirliyin rəsmi səhifəsində yerləşdirilir: 

“Ümumilikdə 2015-ci ilin bu gününə kimi çimərlik ərazisinidə bir nəfər də suda batmayıb. Müxtəlif su hövzələrində 177 nəfər xilas olunub. Onların 107 nəfəri çimərlik sahəsində, qalanı qadağan olunmuş su hövzələrində qeydiyata alınıb. Batma halları ilə bağlı konkret axtarış işləri aparılıb, tapılıb hüquq-mühafizə orqanlarına təhvil verilib.

Bu insanların çoxu çimmək məqsədi ilə dənizədə batmayıb. Burda müəyyən kriminal hadisələr, yol nəqliyyat qəzaları, intihar, sərxoş vəziyyətdə suya girmək və s. hallar var”.