Tovuz rayonunun ən böyük kəndlərindən biri olan Qaraxanlıda məktəblilər üçün millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən  “Türk  tarixi və ədəbiyyatını yaxından öyrənək” adlı tədbir keçirilib.

Gənc nəslin kitaba dönüşü, milli-mənəvi dəyərlərimizə, mənsub  olduğumuz dəyərlərə daha yaxından yiyələnmələri üçün, tariximiz və ədəbiyyatımızı daha dərindən bilmələri, zəngin dünyagörüşləri üçün keçirilən tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva bu istiqamətdə Tovuzda məktəblilərlə ilk tədbirin Türk dövləti Qazaxıstan haqqında olması, maraqlı tanıtım müzakirələrin aparılması haqqında məlumat verdikdən sonra Qaraxanlıda keçirilən tədbirin ümumimilli liderimiz Heydər Əliyevin ifadə etdiyi kimi bir millət iki dövlət olduğumuz qardaş Türkiyəyə həsr olunduğunu deyib.

O, qardaş Türkiyə haqqında, onunla  respublikamız arasındakı yüksək səviyyəli  əlaqələr barədə danışıb, sualları cavablandırıb.

Türkiyədən qonaqların da iştirak etdiyi tədbirdə millət vəkili Qənirə Paşayeva Türkiyəyə səfərləri zamanı oradan gətirdiyi yüzlərlə kitabı gənclərə hədiyyə edib və onları oxumağa səsləyib.

Millət vəkili həmin kitabların bir hissəsini həmçinin rayon mərkəzi kitabxanasına və bir çox böyük məktəblərin kitabxanalarına da kitab hədiyyə edib.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, növbəti görüş qardaş Qırğızıstanla bağlı olacaq və gənclərimiz qardaş ölkə və toplumları, onlarla əməkdaşlığımızın bu günü və gələcək prespektivləri barədə məlumatlı olmalıdırlar.