Azərbaycanın iki klubu – “Qarabağ” və “Qəbələ” Avropa Liqasının “pley-off” mərhələsində uğurla çıxış edərək qrup mərhələsinə vəsiqə qazanıblar.

Modern.az xəbər verir ki, tarixində ikinci dəfə dalbadal Avropa Liqasında qrup mərhələsində oynamaq şansı əldə edən “Qarabağ” “pley-off” mərhələsində qarşılaşdığı İsveçrənin “Yanq Boys” klubuna səfərdə 1:0, Bakıda isə 3:0 hesabı ilə qalib gəlməklə 400 min avro qazanıb.

Qruplara qatılan hər bir komanda bundan əlavə 1,3 milyon avro əldə edəcək. Beləliklə, “Qarabağ” 1,7 milyon avro alacaq.

“Qəbələ”yə gəldikdə, “pley-off” mərhələsində Yunanıstanın “Panatinaikos” klubu ilə hər iki oyunda (0:0, 2:2) heç-heçə etdiyi üçün 200 min avro, eyni zamanda qrup mərhələsində çıxış edəcəyi üçün 1,3 milyon avro qazanacaq. Qrup mərhələsində yarışacaq klublarımız oyunlarda əldə etdikləri qalibiyyətə görə 200 min, bərabərliyə görə 100 min avro əldə edəcəklər.  

Qeyd edək ki, əgər iki təmsilçimizdən biri finala yüksələrsə, 9 milyon avronun sahibi olacaq. Qrupdan lider çıxan komandaya 400, ikinci yeri tutarsa 200 min avro veriləcək.

Finalda məğlub olacaq komanda 2,5 milyon avronun sahibi olacaq, çempion üçün bu məbləğ 5 milyon avrodur.

Əgər klublarımızdan hər hansı biri finala qədər gedib çıxarsa bu zaman təxminən 5,5 milyon avronu kassasına qoyacaq.