Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti ağır kimi qiymətləndirilir.

Gecə saat 01 radələrində Quba-Xaçmaz yolunun 18-ci kilometrliyində, 5 nəfərin ağır xəsarət alması ilə nəticələnən dəhşətli yol nəqliyyat hadisəsi baş verib. ANS-in Şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun Quba rayonunun Zərdabi kəndi ərazisindən keçən hissəsində meydana gəlib.

Quba istiqamətində hərəkət edən “Ford Tranzit” markalı mikroavtobus yolun əks istiqamətində hərəkətdə olan “KİA Rio” markalı minik avtomobili ilə toqquşub. 

Quba polis şöbəsinin müstəntiqi Sərxan Ramazanovun verdiyi məlumata görə, qəza nəticəsində avtomobillərdə olan 5 nəfər ağır xəsarət alıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar yaxınlıqda olan sakinlərin köməkliyi ilə sıxıldıqları yerdən çıxarılıblar. 

Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralıların vəziyyəti ağır kimi qiymətləndirilir. 

Faktla bağlı istintaq başladılıb və araşdırmalar davam edir. Qəzanın dəqiq səbəbləri yol nəqliyyat hadisələri ekspertizasının araşdırmalarından sonra məlum olacaq.