Dünya Güləş Birliyi 2015-ci ilin sentyabrında keçirilən yarışların nəticələrinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Sərbəst güləşçilərimizdən 10-u Dünya Güləş Birliyinin reytinq siyahısında yer alıblar. Ötən ay ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatında sərbəst güləşçilərimizin qazandığı 1 qızıl, 1 gümüş və 1 bürünc medal, eləcə də “Rio-2016” Yay Olimpiya Oyunlarına 4 lisenziya idmançılarımızın reytinq siyahısındakı mövqelərinə də təsir göstərib.

Dünya çempionatında qızıl medal qazanaraq sərbəst güləş tariximizdə ilk ikiqat dünya çempionu adına sahib olan Hacı Əliyev öz çəki dərəcəsində ilk sırada qərarlaşıb. Mundialın yalnız finalında məğlub olan Cəmaləddin Məhəmmədov (125 kq) reytinqdə də ikinci sıraya yüksəlib.

İlk onluqda yer alan digər sərbəst güləşçilərimizdən, Olimpiadanın ikiqat bürünc medalçısı, dünya və üçqat Avropa çempionu Xetaq Qazyumov (97 kq) üçüncü, Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifov isə müvafiq olaraq beşinci və yeddinci yerlərdə qərarlaşıblar./azertag/