Ukraynanın Xerson şəhərində azərbaycanlı iş adamı Vüqar Nuruşovun qətli ilə bağlı bu gün növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə cinayət işində adı hallanan, istefada olan erməni general Anton Luqasyan və onun iki qardaşı oğlunun ifadələrinin alınması ilə bağlı qərar çıxarıb, onlar məhkəmənin növbəti iclasına çağırılıblar.

V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya bildirib ki, qətli törətməkdə təqsirli bilinərək saxlanılan Rostislav Brinski məhkəmə zalından ev dustaqlığına buraxılıb.

Bundan başqa, məhkəmə cinayət işində adı hallanan, istefada olan erməni general Anton Luqasyan və onun iki qardaşı oğlunun ifadələrinin alınması ilə bağlı qərar çıxarıb, onlar məhkəmənin növbəti iclasına çağırılıblar.

Proses dekabrın 17-də davam etdiriləcək.

İ. Nuruşov onu da qeyd edib ki, cinayətin təşkilatçısı olan A. Luqasyan maddi imkanından və əlaqələrindən istifadə edərək hakimiyyət orqanlarına təsir edir, işi ört-basdır etmək istəyir: “Biz yerli hakimiyyət orqanlarından və buradakı səfirliyimizdən bizə dəstək olmalarını xahiş edirik. Əks halda, ermənilər qardaşımın qanını batıracaqlar”.

Xatırladaq ki, hadisə ilə bağlı şübhəli şəxs kimi saxlanılan R. Brinski ibtidai istintaqa ifadəsində azərbaycanlı iş adamını təkbaşına öldürdüyünü etiraf edib. Lakin məhkəmə zamanı o, qətli özünün yox, erməni biznesmen Anton Luqasyan və onun iki qardaşı oğlunun törətdiyini deyib.

R. Brinski bildirib ki, obyektində mühafizəçi olduğu istefada olan general, iş adamı A. Luqasyan zəng edərək, adamlarının ona bağlama gətirəcəyini bildirib: “Tanımadığım iki nəfər məni onlara məxsus bazarın yanına çağırıb, maşında döyülməkdən tanınmaz hala düşmüş kişi meyiti göstərdi, onu gizli yerdə basdırmağı tapşırdı.

Mən də şefimin əmrinə əməl edərək meyiti basdırdım. Yalnız meyit tapılandan sonra onun kim olduğunu bilmişəm. Meyiti gətirənlərin Luqasyanın qardaşı oğlanları oldğunu da sonradan öyrənmişəm. Əvvəldən heç nədən xəbərim olmayıb”.

Qeyd edək ki, əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlunun üzərində işgəncə əlamətləri olan meyiti bu il avqustun əvvəlində Xerson şəhəri yaxınlığında aşkarlanıb.

Avqustun 17-də isə vilayət azərbaycanlıları Konqresinin sədr müavini, iş adamı İlham Tağıyev öldürülüb. Onun qətli ilə bağlı milliyyətcə erməni olan Karapetyan Sergey Razmikoviç və Montiyan Xaçik Stepanoviç, o cümlədən bir azərbaycanlı Allahverdiyev Naim Balakişi oğlu saxlanılıb.

Lakin yaxınları onun da qətlinin sifarişçisinin A. Luqasyan olduğunu iddia edirlər.