ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayevin 20 yanvar şəhidlərindən bəhs edən “Qanlı Yanvar” filmi cəmiyyətdə birmənalı qarşılanmadı.

Maraqlıdır ki, film keçən il çəkilib kionteatrlarda nümayiş olunub. Həmin ərəfədə  filmin izləyiciləri də kifayət qədər çox olub.   Amma 20 Yanvar hadisələrinin 26-cı ildönümündə filmi izləyənlər kəskin etirazlarını bildiriblər.

Səbəb isə filmdə yaxın tariximizin təhrif olunması, əliyalın xalqın Sovet qoşunlarına qarşı silahlı mübarizə formasında müqavimət göstərməsi, 13 yaşlı şəhid Larisanın nigahdankənar hamilə qalması və s. kimi məqamlardır.  

Qarabağ müharibəsi iştirakçıları, 20 Yanvar şahidləri filmin nümayiş olunmasını azərbaycanlılara qarşı təhqir kimi dəyərləndiriblər.  

Modern.az saytı filmdə yer alan səhnələrlə bağlı kinorejissor, eyni zamanda, 20 Yanvar hadisələrinin canlı şahidi Şeyx Əbdül Mahmudovla əlaqə saxlayıb.  

Şeyx Əbdülün sözlərinə görə 20 Yanvar hadisələrində müəmmalı məqamlar var ki, bu günə qədər açılmayıb.

“Həmin gün kinostudiyanın qarşısında uzun saqqallı,  hündürboy kişiləri öz gözümlə görmüşəm. Hamısı da başdan-ayağa silahlanmışdılar.

“O Yanvar gecəsi də Bakıda qırğını onlar törətdi. Bizə məlumat verdilər ki, həmin muzdluların 2 minə yaxını ermənidir. Bunlar “Salyanski kazarma” deyilən ərazidə ordu düzəldiblər. Burada məqsəd provaksiya yaratmaqdan ibarət olub. Həmin muzdlular güllə atan zaman Sovet ordusu “biz də onlara cavab olaraq  güllə atmağa başladıq” desinlər .

Bu, “Salyanski kazarma” deyilən yerdə quraşdırılmış iş idi. Guya xalq atəş açdı, bunlar da müharibəyə başladı”.   Şeyx Əbdül 20 Yanvar hadisəsindən 3 gün qabaq bir rus generalının  hadisə ilə bağlı onlara yaxınlaşaraq bəzi gizli məlumatlar verdiyini deyib.  

“Konkret olaraq bir faktı demək istəyirəm. 1990-cı ilin 17 yanvarında Qaradağ, Maştağa tərəfdə barikadalar qurulmuşdu. Biz həmin  vaxt kinostudiyanın ətrafında idik.

Osetin mənşəli 40 yaşlı  rus ordusunda xidmət edən  general həmin vaxt   bizə yaxınlaşdı. Mənə dedi ki,  gəl kənara çəkilək. Mən osetinəm,  həm də müsəlmanam. Bu, sovet ordusudur. Sovet ordusu Bakıya qorxu yaratmaq üçün gəlib.  

Onlar sizə güllə atmayacaq. Bunu sənə sirr olaraq deyirəm.

Siz bizə doğma insanlarsınız. Amma çox böyük səhvlərə yol verirsiniz. O böyük səhvlər ondan ibarətdir ki, quru boçkalarla, araba çarxları ilə, daş-kəsəklə yolu bağlamısınız. Əvvəla, bu ordunun qarşısını bu cür şeylərlə almaq mümkün deyil. Onlar ağır texnika ilə təchiz olunub. Əksinə, sizin bu formada silahlanmağınız qıcıq yaradır. Onsuz da imperiya dağılmaq üzrədir. Ordunun içində ciddi qarşıdurma var. Gücünüz çatdığı qədər gedin evlərinizin, məhlənizin qarşısında oturun və üzərinizə “Azadlıq istəyirik” kimi şüarlar yazın.   

Bir, iki gün barikadalar bu formada  davam etsə, yaxşı nəticələnməyəcək. Çünki  adamöldürən muzdlu ordu var. Həmin muzdluların əksəriyyəti də kənar millətlərdən təşkil olunub. Əsasən də ermənilər üstünlük təşkil edir. Burada oyun oynamağın mənası yoxdur”.  

Şeyx Əbdül deyir ki, həmin generalın dedikləri onlar üçün sıradan bir söz olub. “Çünki insanlar o dərəcədə qızışmışdı ki, elə bilirdik sovet qoşunlarının qarşısında nəsə edə bilərik. Hələ də həmin gecə insanların silahlı olub-olmaması məsələsi sual altındadır. 20 yanvar gecəsi yeganə silah o idi ki, yollara dəmir əşyalar, armatur düzmüşdülər. Ola bilsin ki, kiminsə evində tapança, tüfəng karabin  olub. Bəlkə də atəş açıb. Amma həmin vaxt ara elə qarışmışdı ki, bunu bilmək çox çətin idi”.  

Şeyx Əbdül Mahmudov Vahid Mustafayevin çəkdiyi filmi izləmədiyini deyib.

“Əslində, Vahid Mustafayevin çəkdiyi filmlə tanış deyiləm.  İndi Vahid Mustafayev bədii film çəkib. Bədii filmin də qanunları var. Filmdə tarixin  təhrif olunduğunu heç kəs deyə  bilməz. Orda nə Vahid olub, nə də bunu deyənlər. Amma, mən 20 yanvar hadisəsinin şahidi olmuşam.

“Salyanski kazarma” deyilən yerin ətrafında provakasiya məqsədilə təşkil olunmuş 5-6 güllə atılıb. Amma,  bizimkilərin, yoxsa muzdluların atması bəlli deyil. Tarixdə Hitlerlə bağlı o qədər filmlər çəkilib ki. Çoxunda da axmaq adam kimi təqdim olunub. Məgər, Hitler axmaq idi ki! Axmaq adam o boyda Avropanı işğal edə bilərdi?! Bunlar ideoloji təbliğatdır”.