“Əsas məsələ İranın dünya ölkələri ilə əlaqəsinin yaxşı olması deyil. Əsas sual bu olmalıdır ki, hökumətin öz milləti ilə əlaqəsi necədir?” deyə Təbrizli hüquq müdafiəçisi bildirir. 

Onun sözlərinə görə İran-Qərb münasibətləri yaxşılaşması ölkə daxilindəki vəziyyətdə dəyişiklik yaratmayıb.  Nima Puryaqub Amerikanın Səsi ilə söhbətdə İran-Qərb yaxınlaşması və nüvə böhranı ilə əlaqədar tətbiq edilmiş sanksiyaların aradan qaldırılmasının ölkə daxilində insan haqları durumu, xüsusilə, beynəlxalq insan haqları qurumlarına əsasən, Həsən Ruhaninin prezidentliyə gəlməsindən sonra artmağa davam edən edamlar üzərində təsir buraxıb-buraxmayacağını dəyərləndirib.

Bu günlərdə Amnesty International İranda uşaqların edam edilməsinə dair yaydığı 110 səhifəlik hesabatda dördü 2015-ci ildə olmaqla son 10 ildə İranda 73 yeniyetmənin edam edildiyini qeyd edib. Beynəlxalq qurum həmçinin BMT-yə istinadən İranda 160-dan artıq yeniyetmə edam məhkumunun mövcud olduğunu bildirib.

İranda edama məhkum olanlar adətən narkotik qaçaqmalçılıq, qətl və təcavüz, eləcə də milli təhlükəsizliklə əlaqədar olan “Allaha qarşı düşmənçilik” ittihamı ilə mühakimə edilirlər. Nima Puryaqub edam hökmlərinin hüquqi deyil, siyasi motivlərlə icra edildiyini deyir:

Həsən Ruhani Avropa ölkələrinə səfər edib. Ondan sormalıdırlar ki, sənin ölkəndə bu qədər insan  edam edilib, sən əgər reformçusansa, bu edamlara dair mövqeyin nədir?
 
“Məhkəmədə heç kəs yoxdur... Açıq məhkəmə deyil, bağlıdır. Orada nələr keçir, kimsənin xəbəri olmur. Amma, İran İslam Respublikası edam məsələsinə necə baxır? Məncə, bu mövzu ittihamın nə olduğundan daha önəmlidir. Onlar edamı hüquqi məsələ kimi görmür. Edama mütləq siyasi baxır. Hakimiyyətin vəziyyəti yaxşı olmayanda edamların sayı artır.”

Puryaqub ölkənin bəzi bölgələrində kütləvi etirazların keçirilməsindən sonra bəzi edam hökmlərinin açıq məkanlarda həyata keçirilməsinə diqqət çəkir.

Açıq edamlar məsələsində görürük ki hər zaman ki şəhərlərdə aksiya olur, edamları artırırlar.

Onun dediklərinə görə, “açıq edamlar məsələsində görürük ki hər zaman ki şəhərlərdə aksiya olur, edamları artırırlar. Azərbaycanın özündə bir müddət öncə etirazlar oldu. Bunlar gətirib Xoyda bir [məhkumu] asdılar. Sonra da Şəbistərdə asdılar.”

Hüquq müdafiəçisi Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra İranın xarici siyasətində qərblə əlaqələrin yaxşılaşması istiqamətində atılan addımların ölkə daxilində insan haqları durumu üzərində hər hansı bir təsir buraxmadığını vurğulayır:

Həsən Ruhani Avropaya səfər edib

“Ruhani gələndən xüsusilə bu söhbət oldu ki, dünyaya açdılar özlərini, nüvə məsələsini həll etdilər və hər şey yaxşı və öz yerindədir. Halbuki, Ruhani gəldikdən bu günə qədər azı 2,000 nəfər edam olunub... Heç nə yaxşılaşmayıb... Suriyadan hər həftə cənazələr gəlir...”

Avropada mühacirətdə yaşayan hüquq müdafiəçisinin fikrincə, Avropa ölkələri İran İslam Respublikası ilə münasibətlərində sadəcə iqtisadiyyatı deyil İran daxilindəki insan haqları durumunu da nəzərə almalıdırlar.

 

“Dövlətlər İrana edamlarla bağlı sual verməlidirlər. Həsən Ruhani Avropa ölkələrinə səfər edib. Ondan sormalıdırlar ki, sənin ölkəndə bu qədər insan  edam edilib, sən əgər reformçusansa, bu edamlara dair mövqeyin nədir?” deyə Təbrizli insan haqları fəalı söyləyib.