"Hazırda Gürcüstana gün ərzində 11 milyon kubmetr qaz daxil olur".  

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib.

“6 milyon kubmetri Qazax boru kəməri ilə SOCAR-dan, 2,9 milyon kubmetri “Şah-Dəniz” yatağından alırıq, qalan 1,2-2 milyon kubmetr isə Rusyanın Ermənistana Gürcüstan ərazisindən ötürdüyü qaz üçün tranzit haqqı kimi ödədiyi qazdır"”, deyə K. Kaladze bildirib.

Nazir Gürcüstan hökumətinin Cənubi Qafqaz boru kəməri vasitəsi ilə Azərbaycandan əlavə qaz alacağına ümid etdiyini bildirib. O qeyd edib ki, rəsmi Tiflis 2011-ci ildən bəri Cənubi Qafqaz Boru Kəməri Konsorsiumuna Gürcüstana əlavə qaz verilməsinə dair dəfələrlə müraciət edib:

“Lakin buna baxmayaraq, bizə yazılı şəkildə rədd cavabı verilib. Konsorsiumu inandıra bilsək, bizə qaz vermək üçün boru kəmərinin ötürmə imkanları var", deyə nazir bildirib.

Danışıqlar müsbət nəticə versə, qazın Rusiyadan alınmasına lüzum qalmayacaq. K.Kaladze qeyd edib ki, bu gün danışıqlar Rusiyadan alınacaq 300-400 milyon kubmetr qazın həcmi ətrafında gedir: "Biz nə ediriksə, ölkəmizin, onun sənayesinin inkişafı və xalqımızın rifahı üçün edirik.

Buna görə də maksimum nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bizim öz mövqeyimiz var. Düşünürəm ki, sonda müəyyən bir razılığa gəlinəcək," deyə K Kaladze qeyd edib.