Türkiyədə yaşayan Təbrizli musiqiçi və müğənni Sara Koralın sözlərinə əsasən, İranda fundamental məhdudiyyətlər ilə üzləşən güneyli sənətçilər ölkəni tərk edərək bir çox maneələri aşsalar da, Azərbaycan Respublikası və Türkiyədə də bəzi çətinliklər ilə qarşılaşırlar.
Sara Koral Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanını tərk etməsinin səbəbləri, Azərbaycan Respublikasında aldığı musiqi təhsili və hazırda Türkiyədəki sənət fəaliyyətlərini şərh etməklə yanaşı, ümumiyyətlə güneyli sənətçilərin İranda və İranı tərk etdikdən sonra Azərbaycan Respublikası və Türkiyədə yaşadıqları çətinliklərdən danışıb.
Gənc müğənni İranda xüsusilə qadınlar üçün musiqi sahəsində fəaliyyət və təhsil imkanlarının çox məhdud olduğunu vurğulayır:
Sara Koral Azərbaycan Respublikasında musiqi sahəsində olan yaxşı təhsil imkanlarına baxmayaraq düzgün fəaliyyət mühitinin mövcud olmadığına diqqət çəkir.
“Mən Bakıda çox şey öyrəndim, Bakıya çox şey borcluyam... Amma orada [fəaliyyət] ortamı yoxdur. Ali təhsil almış insanlar var, amma gəlib toy səviyyəsinə düşmək istəmirlər,” deyə o qeyd edir.
Təbrizli sənətçi İran Azərbaycanında yaşayan türklərin kimlik problemi yaşadığı kimi sənət həyatında da həmin çətinliklərin ortaya çıxdığını önə çəkir:
Gənc sənətçi həm Azərbaycan, həm də Türkiyə türkcəsində mahnılar bəstələyib ifa etməklə yanaşı, rəqs və teatr sahəsində də yaradıcılıq və ifaçılıq fəaliyyətləri yürütdüyünü bildirib.
“Hazırda yeni qurduğumuz bir rock qrupu ilə çalışmalarımız, konsertlərimiz olur... Amma mən istəyirəm daha keyfiyyətli olsun. Yəni bir insan öz yurdunu təmsil edirsə, ya bir janrı təmsil edirsə onu layiqi ilə təmsil etməlidir..,” deyə Sara Koral sənət fəaliyyətlərini arzu etdiyi şəkildə yürütməsi üçün lazımi şəraitin olmadığını ancaq gələcəyə ümidlə baxdığını ifadə edir.