"II Anadangəlmə ürək qüsurlarında yenilik konfransı" adlı tədbir "Uşaq ürəkləri Qarabağda döyünür" şüarı ilə keçirilib.

Bir qurup Həkim gözəl bir təşəbbüs irəli sürüb. İllik toplantılarından birini Füzuli rayonu Böyük Bəhmənli kəndində keçirməyə qərar veriblər.

Millət vəkili, Dr. Rəşad Mahmudov, Dr. Əli Quliyevi, Dr. İkram Rustəmov və Dr. Nəsimi Cabbarovun bu təşəbüsü digər həmkarları tərəfindən də yüksək dəyərləndirilib.

Dr. Rəşad Mahmudov tədbir iştirakçılarına müraciət edib.

Hörmətli konfrans iştirakçıları, əziz həmkarlar!

Əksər ərazisi işğal altında olan Füzuli rayonunun Böyük Bəhmənli kəndində Sizləri salamlayır və “II-ci Anadangəlmə Ürək Qüsurlarında Yeniliklər Konfransı”-nda iştirakınıza görə minnətdarlığımı bildirirəm.

“Uşaq ürəkləri Qarabağda döyünür” şüarı ilə yola çıxdığımız bir həftəlik aksiya çərçivəsində ürək-damar xəstəliklərindən əziyyət çəkən məcburi köçkün və ətraf rayonlardakı vətandaşlarımız üçün yüksək ixtisaslı kadrlar tərəfindən ambulator müayinə və müalicələr təşkil olunacaq, bununla yanaşı uşaqlar başda olmaqla ağır ürək qüsuru olan xəstələr üzərində açıq ürək əməliyyatları icra ediləcəkdir.

Açıq ürək əməliyyatları ilə birlikdə keçiriləcək elmi-təcrübi konfransda Füzuli və ətraf rayonlarda fəaliyyət göstərən həkimlərimizlə anadangəlmə ürək xəstəlikləri sahəsində dünyada qazanılmış yeniliklər müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaqdır.

Əziz həmkarlar! Son illərdə dünyada hökm sürən böhran nəticəsində Avropaya üz tutmuş məcburi köçkünlərlə əlaqəli problemlər hamımıza məlumdur. Əlbəttə ki, 24 ildən bəri doğma yurdlarından didərgin düşmüş həmyerlilərimizin bütün sosial problemləri kimi, səhiyyə problemlərinin də həlli dövlətimiz üçün həmişə prioritet istiqamət olmuşdur.

Amma biz səhiyyəçilər bu işlərin təşkilinin və xalqa doğru səhiyyə xidmətinin çatdırılmasının mövcud şəraitdə nə qədər çətin olduğunun fərqindəyik. Bütün çətinliklərə baxmayaraq dövlətimiz və səhiyyə nazirliyimiz üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gəlməkdədir. Buna ən gözəl nümunə, Böyük Bəhmənli xəstəxanası kimi ucqar kəndlərimizdə yüksək texnoloji əməliyyatların tətbiq oluna biləcəyi səhiyyə ocaqlarının olmasıdır.

Əziz həmvətənlər! Bildiyiniz kimi Azərbaycan Respublikasının 20%-dən artıq ərazisi uzun illərdən bəri işğal altındadır. Ən böyük arzumuz torpaqlarımızın ən qısa zamanda geri qaytarılması, məcburi köçkün vətəndaşlarımızın öz ana yurdlarına köçməsidir.

Nəticə olaraq, ancaq bu yolla dövlətimiz bütün sahələrdə olduğu kimi səhiyyə sahəsindəki xidmətlərini də vətəndaşlarına əskiksiz, rahat və tam çatdıra biləcəkdir. Bu yolda hər bir vətəndaş kimi Azərbaycan səhiyyəçisi də üzərinə düşən məsuliyyətin fərqindədir.

Həyatını gecə-gündüz insanların sağlamlığına həsr edən hər bir səhiyyə işçisinin arzusu qan tökülmədən, insan itkisi olmadan, sülh şəraitində torpaqların geri qaytarılmasıdır.

Dövlətimiz və səhiyyəmiz milliyətindən və dinindən asılı olmayaraq özünü Azərbaycan vətəndaşı sayan və onun hər bir dövlət atributuna hörmətlə yanaşan vətəndaşına doğma Qarabağımızda ən yüksək tibbi xidməti göstərməyə hazırdır.

Konfransın işində hamınıza uğurlar diləyir və növbəti konfransımızın doğma Şuşamızda keçirilməsini arzu edirəm.