APA-nın məlumatına görə, F. Abbasov bildirib ki, sovet imperiyası dağıldıqdan sonra Rusiyanın mətbuat orqanlarında Azərbaycana qarşı informasiya müharibəsi aparılır. O, bunun Rusiyada fəaliyyət göstərən erməni lobbisi ilə bağlı olduğunu deyib. F. Abbasov Azərbaycanın mövqeyini müdafiə etməməklə bağlı Rusiya televiziyalarından dəfələrlə xəbərdarlıq aldığını söyləyib: “Aprel ayının ilk günlərində Azərbaycan və Ermənistan arasında müharibə başlayanda məni televiziyalara çağırmağa başladılar. Lakin xəbərdarlıq etdilər ki, çıxışımda Azərbaycanın mövqeyini müdafiə etməyim. Mövqelərini bununla əsaslandırdılar ki, guya mən Azərbaycanı yox, Türkiyəni təmsil edən jurnalist kimi ora çağırılmışam”. 
 
F. Abbasov qeyd edib ki, Azərbaycanın mövqeyini müdafiə edən Rusiya politoloqları da efirə dəvət olunmur: “Məsələn, Oleq Kuznetsov Azərbaycanın mövqeyini müdafiə etdiyi və həqiqəti dediyi üçün efirə buraxılmır".
 
Jurnalist Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor qurumlarının fəaliyyətini tənqid edib: “Azərbaycanın Rusiya mediasında təbliğ olunmamasının ilk səbəbini mən diaspor fəaliyyətinin zəif olmasında görürəm. Bir çox qurumlar olsa da, əlaqəli fəaliyyət göstərmirlər. Bu təşkilatlar arasında bəzən intriqa o həddə çatır ki, adam utanır”.
 
F. Abbasov işdən kənarlaşdırılmasının səbəbləri barədə də danışıb: “Mən bunun rusların şikayəti səbəbindən olduğunu düşünmürəm. Rusiya tərəfindən heç bir təzyiq görmədim. Bizim agentliyin direktoru vaxtilə Rusiyada çalışıb, yaxşı əlaqələri var və hesab edirəm ki, erməni lobbisi mənim Azərbaycanın mövqeyini müdafiə etməyimdən əsəbiləşərək, agentliyin direktorundan işdən kənarlaşdırılmağımı xahiş edib”.
 
F. Abbasov gələcək fəaliyyətinə də toxunaraq, Moskvaya geri qayıdacağını bildirib: “Fəaliyyətimin əsas istiqaməti Rusiyada Azərbaycana qarşı informasiya blokadasını yarmaq olacaq. Mən öz dövlətimdən dəstək gözləyirəm”.