Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizasının cari nəticələrinə əsasən prokurorluq orqanları AN12 təyyarəsinin həlak olmuş üç heyət üzvünün cəsədini qohumlarına verməyə artıq razılıq verib. 

Onlar Rzayev Nadir, Şahverdiyev Firdovsi və Zülfiyev Azərdir. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına görə, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülmüşdü.

Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlmişdi və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşmüşdü.

Təyyarənin göyərtəsində yük olmamışdır. Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir.

Azərbaycan Mülki Aviasiya Administrasiyası tərəfindən yaradılmış komissiyanın nümayəndələri hadisə yerində işləri davam etdirirlər.