Azərbaycan və Türkiyə xarici işlər nazirləri siyasi əməkdaşlıq, təhlükəsizlik məsələlərini müzakirə ediblər, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunublar.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birlikdə Bakıda bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib: "Mən həmkarımı Dağlıq Qarabağ münaqişəsi üzrə aparılan danışıqlarla bağlı məlumatlandırdım. Türkiyə regionun qabaqcıl və ATƏT-in Minsk qrupunun üzv ölkəsi kimi bu münaqişənin nizamlanması ətrafındakı hadisələr barədə məlumatlı olmalıdır".

Azərbaycan XİN rəhbəri qeyd edib ki, Türkiyə-Rusiya münasibətlərinin normallaşması Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə də şübhəsiz müsbət təsir göstərəcək.

M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri dəstəkləyir: "Biz bu münaqişənin həllinə yönəlmiş Azərbaycanın maraqlarına uyğun gələn bütün səyləri dəstəkləyirik və ümid edirik ki, onlar uğurlu olacaq və münaqişənin yekun həllinə gətirib çıxaracaq”.

Azərbaycan XİN başçısı Azərbaycan hərbçisi, baş leytenant Toğrul Məmmədovun erməni snayperinin gülləsindən həlak olmasına toxunaraq bildirib ki, bu faciə göstərir ki, danışıqlar prosesini daha çox intensivləşdirmək lazımdır. "Bu cür hadisələrə son qoymaq üçün nizamlanma prosesini fəallaşdırmaq lazımdır. Əsgərlər qoşunların təmas xəttini tərk etməlidirlər və kazarmalara qaytarılmalıdırlar. Biz bu istiqamətdə daha çox işləməyə hazırıq".

Türkiyənin XİN başçısı, öz növbəsində qoşunların təmas xəttində təhrikedici addımlardan yayınmanın zəruriliyini qeyd edib: "Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi münaqişənin nizamlanması üzrə səylərini davam etdirəcək”.