Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Ağstafa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ağstafada “Dünyəvi dövlətdə din: Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.

DQİDK-nın Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Əziz Məsmalıyev “Ağstafa rayonunda dini qurumlarla işin təkmilləşdirilməsi barədə” Ağstafa Rayon İcra hakimiyyətinin Tədbirlər Planı və icrası barədə məlumat verib. Natiq bildirib ki, Tədbirlər Planı çərçivəsində “Dini radikallığa qarşı mübarizə sahəsində maarifləndirmə işlərinin aparılması” mövzusunda DQİDK ilə birlikdə tədbirlər keçirilib və “Fitnə” sənədli filmi nümayiş etdirilib. O qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərimizin radikal dini cərəyanların təsiri altına düşməmələri və bu sahədə maarifləndirmə işlərinin aparılmasından ibarətdir.

Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov məruzəsində Ümummilli Lider Heydər Əliyevin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ölkədə insan hüquqlarının müdafiəsinə dair qanunvericilik bazasının beynəlxalq normalara uyğunlaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi prinsiplərinin təsbiti, dini etiqad azadlığı ilə bağlı hüquqi-normativ aktlara riayət olunmasına nəzarətin gücləndirilməsi, konfessiyalar arasında dözumlülük ənənəsinin möhkəmləndirilməsi, eləcə də dini abidələrimizin bərpası və qorunması istiqamətində görülən işlərdən və bunların əsasında formalaşan mükəmməl dövlət-din münasibətlərindən bəhs edib.

DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev çıxışında bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, ölkə rəhbərliyi səviyyəsində İslama, onun ayrı-ayrı bayramlarına yüksək hörmət, ehtiram və etiqad mövcuddur. Prezident İlham Əliyev mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsinə çalışmaqla yanaşı, insanların dini etiqad azadlığının ən yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə İslam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edir.

Tədbir iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.