İran-İraq sərhəd keçid məntəqəsində saxlanılan zəvvarların problemi öz həllini tapıb və onlar ölkəyə yola düşüblər.

Bunu APA-nın Tehran bürosuna İranın Ərbəin ziyarəti üzrə yaradılmış Qərargahın sözçüsü Həmidrza Qudərzi deyib.

H.Qudərzi deyib ki,  sözügedən Qərargah zəvvarların gediş-gəlişini asanlaşdırmaq və onlara yaxşı xidmət göstərilməsini təmin etməyə çalışır: “Əziz zəvvarlar üçün yaranan istənilən problemin tez bir zamanda həllinə çalışırıq”.

İranın İlam əyalət başçısının müavini  ilə Azərbaycanlı zəvvarların problemi ilə bağlı əlaqə saxlayan APA-nın Tehrandakı müxbirinə bildirilib ki, həmin zəvvarlar Şələmçə sərhəd-buraxılış məntəqəsindən İraq torpağına keçiblər, lakin qayıdan zaman Şələmçə sərhəd keçid məntəqəsindən deyil, Mehran keçid məntəqəsinə müraciət ediblər.  Həmin zəvvarların avtobuslarının sənədlərində problem olduğu üçün sərnişinlər ölkəyə buraxılmayıb. 

Zəvvarların daha çox sərhəd keçid məntəqəsində saxlanılmasının qarşısını almaq üçün, məsələdən xəbərdar olan İlam əyalət başçısının müavini və Ərbəin Qərargahının nümayəndəsi həmin problemin həlli istiqamətində tədbirlər görüblər.  Sərhədə gələn üç avtobusun sənədlərindəki nöqsan aradan qaldırılıb və avtobuslar İran ərazisinə buraxılıb, Zəvvarların artıq öz ölkələrinə tərəf hərəkət etdiyi bildirilir.  

Qeyd edək ki,  Azərbaycanlı zəvvarlardan 55 yaşlı bir qadın İraq torpağında infarkt keçirərək  vəfat edib. Hazırda bu zəvvarın cəsədi qanuni prosedurdan keçirilməsi üçün İlam əyalətinin tibbi ekspertiza idarəsinə gətirilib. Proseduru keçdikdən sonra cəsəd Azərbaycana göndəriləcək.

Xatırladaq ki,  Kərbəlaya ziyarətə gedən azərbaycanlıları daşıyan avtobuslar İraq sərhədini keçdikdən sonra İranın Mehran sərhəd keçid məntəqəsində saxlanılmışdı.