İran parlamentinin deputatı, Türkdilli Bölgələr Fraksiyasının (Türkdilli Deputatlar Fraksiyasının) sözçüsü Zəhra Sai dekabrın 3-də “Nasr” xəbər agentliyinə açıqlamasında yenicə yaradılmış bu fraksiyanın hədəflərindən və ona qarşı həssasiyyətlərdən danışıb.

Təbriz, Azərşəhr və Üskü şəhərlərinin İran parlamentindəki deputaı Zəhra Sai bildirib ki, Türkdilli Bölgələr Fraksaiyasında toplaşan deputatlar, ölkədə türklərin yaşadığı regionların iqtisadi problemlərinin həll etməyə çalışırlar:

“Deputatların əsas qayğısı əyalətin sənaye və iqtisadi sahəsində mövcud problemləri aradan qaldırmaq, həmin sahələrdə inkişafa nail olmaqdır. Güman edirəm ki, bir-birimizlə fikir mübadiləsi aparmaq və fəaliyyətləri koordinasiya eməklə bir çox problemləri məsullardan və nazirlərdən də daha asan həll etmək olar”.

Təbrizli deputat, Türkdilli Bölgələr Fraksiyasının fəaliyyətinə qarşı göstərilən həssas münasibətlərə də toxunub: “Parlamentin müxtəlif dövrlərində bu kimi fraksiyalar yaradılıb. Misal üçün Şimal-Qərb Fraksiyası (kürdləri nəzərdə tutur- red) və Zaqrosnişinlər Fraksiyası bu qəbildəndir.

Lakin bu fraksiyalar təçkil olunsa da, onların yaradılması heç vaxt rəsmən elan edilməyib. Daha doğrusu, həmin fraksiyalar yazılmamış bir qanuna qeyri-rəsmi şəkildə bu gün də fəaliyyət göstərirlər. Bizim hamımızın arasında müştərək bir şey var. O da İrandır. Biz türkdilli bir etnik (xalq) olduğumuzu bildirməzdən əvvəl özümüzü iranlı sayır, bununla fəxr edir və özümüzü vətən aşiqi sayırıq”.

Zəhra Sai, deyib ki, “xarici ölkələrdə fəlaliyyət göstərən bəzi separatçı qruplar” fraksiyanın fəaliyyətindən öz məqsədləri uğrunda istifadə etməyə, bulanlıq sudan balıq tutmağa çalışırlar: “Belə cərəyanlar və şəxslər tarixin müxtəlif dövrlərində ölkəmizə ciddi zərbələr vurublar. Separatçılar indinin özündə də pusquda oturub İran xalqının iqtisadi, və mədəni sahələrdəki potensialına, o cümlədən də fraksiyaya zərbə vurmağa çalışırlar. Bu isə yolverilməzdir”.

Xatırladaq ki, oktyabrın 30-da İranda 100-dən çox türk deputatının iştirakı ilə yaranmış Türkdilli Deputatlar Fraksiyasının (Türkdilli Bölgələr Fraksiyası) ilk iclası keçirilib.

Türklərin toplu şəkildə yaşadığı əyalət və bölgələrdən parlamentə yol tapan deputatların ilk iclasında təbrizli deputat, İran parlamenti sədrinin canişini Məsud Pezeşkiyan Türkdilli Deputatlar Fraksiyasının sədri vəzifəsinə, urmiyalı deputat Nadir Qazipur ilə ərdəbilli deputat Rza Kərimi isə onun canişinləri vəzifəsinə seçilib.

İclasda həmçinin Mərənd və Culfa şəhərlərindən seçilən deputat Məhəmməd Həsən Nəjad və təbrizli deputat Şəhabəddin Bimiqdar katib, təbrizli deputat Zəhra Sai isə fraksiyanın sözçüsü vəzifəsinə təyin edilib.

Fraksiyanın fəaliyyətə başlaması və onun funksiyası barədə jurnalistlərə açıqlama verən sözçü Zəhra Sai deyib ki, İran parlamentinin 25 deputatı artıq Türkdilli Deputatlar Fraksiyasının mərkəzi şurasının üzvüdür:

“Türklərin yaşadığı bölgələrin probleminin həlli istiqamətində strateji idarəçiliyin təmin edilməsi, həmin bölgələrin potensialından maksimum dərəcədə istifadə olunması, ölkədə müvazinətli inkişafı təmin etmək, eləcə də milli birliyin gücləndirilməsi və inkişafı, fraksiyanın əsas hədəflərindən sayılır”.