Yanvarın 12-də “Human Rights Watch” beynəlxalq təşkilatının 2016-cı il İranla bağlı hesabatı yayılıb. 687 səhifədə hazırlanan hesabatda İran da daxil olmaqla 90 ölkədə insan hüquqları ilə əlaqədar vəziyyətə toxunulub.

Təşkilatın Orta Şərq və Şimali Afrika ölkələri üzrə rəhbəri Sara Li Vitson, jurnalistlərə açıqlamasında hesabatın İranla bağlı bölməsindən danışıb. O bildirib ki, ötən il İranda insan hüquqları ilə ilgili durum nəinki yaxşılaşmayıb, hətta əvvəlkindən daha da pisləşib:

“İranda Məhkəmə Sistemi ilə təhlükəsizlik qüvvələri ədalətin gerçəkləşdirilməsinə mane olan əsas qüvvələrdir. Halbuki bu iki qurum bildirirlər ki, onların əsas hədəflərindən biri ölkədə ədalətin bərqərar olunmasıdır. İranda vətəndaşların əsas azadlıqlarının məhdudlaşdırılması və onların qanunlarda qeyd olunan hüquqlarının kobud şəkildə pozulması halları, adı çəkilən bu iki qurumun özlərinə güvənnmədiyindən xəbər verir.

Bu göstərir ki, onlar öz hakimiyyətlərini legitim şəkildə sürdürə bilmirlər.

Təəssüflər olsun ki, İran prezidenti Həsən Ruhaninin prezidentliyindən 3 il keçməsinə baxmayaraq, o seçkilərdən əvvəl seçicilərinə ölkə vətəndaşlarının sivil və siyasi hüquqlarına riayə ediləcəyi ilə bağlı verdiyi vədlərə əməl etməyib.

Həmçinin 2016-cı ildə İranda narkotik maddələrin qaçaqmalçılığ ittihamı ilə edamlar davam edib və vəziyyət əvvəlki illərlə müqayisədə heç də yaxşılaşmayıb.

Bundan başqa, həmin il İranda ölkə vətəndaşlarına qarşı ədalətsiz məhkəmələrin keçirilməsi, söz və ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin, bloqçuların və digər internet fəallarının təqib olunması və onların əsassız ittihamlara görə məhdudlaşdırılması davam edib.

Həmçinin milli və dini azlıqlara, o cümlədən bəhailərlə sünnilərə qarşı təzyiq və təhdidlər daha intensiv şəkildə davam edib./gunaz.tv/