Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili ana dilin tədris edilməsi, Azərbaycan türkcəsində milli telekanalın yaradılması, Qərbi Azərbaycan vilayətinin iqtisadi problemləri və Urmu gölü böhranı ilə bağlı parlamentdə çıxış edib. 

Hadi Bahaduri bu barədə fevralın 15-də parlamentin açıq iclasında danışıb.

“Rzaxan və oğlu 57 il ərzində bu ölkənin tarixi, dini və etnik kimliyinin məhv edilməsi üçün əllərindən gələni etdilər. “Kəşf-i hicab”, tarixin saxtalaşdırılması, ana dildə təhsilin qadağan edilməsi və Azərbaycanda coğrafi adların dəyişdirilməsi Pəhləvi rejiminin əsas mədəni siyasətini təşkil edirdi.

Biz Azərbaycan əhalisi kimlik və mədəniyyətimizi təhqir edənlərin ən sərt şəkildə cəzalandırılmasını istəyirik və bundan sonra qeyrətli Azərbaycan əhalisinin təhqir edilməsinə heç bir şəkildə icazə verməyəcəyik. Biz Konstitusiyanın (Anayasa) 15 və 19-cu maddələrinin icrası və türk dilinin tədris olunmasını tələb edir, ölkə prezidentindən hüquqlarımızın təmin edilməsini gözləyirik”- deyə o bildirib.

Azərbaycanın milli geyimi ilə tribunaya çıxan millət vəkili parlamentin diqqətini etniklərin hüquqlarına yönəldib:

“Bu gün Azərbaycan əhalisinin nümayəndəsi kimi, ənənəvi geyimlə qarşınıza çıxmışam. Mən bununla göstərmək istədim ki, İslam Cümhuriyyəti Pəhləvi rejiminin irqçi siyasətinə son qoyub və ölkədə yaşayan etniklərin hüquqlarını tanıyır”- deyə millət vəkili qeyd edib.

Bundan əlavə, H.Bahaduri İran Teleradio Şirkətindən Azərbaycan türkcəsində milli telekanalın yaradılmasına şərait yaratmağı da təkidlə tələb edib.

“Qərbi Azərbaycan vilayəti ticarət əlaqələri və mədən sahəsində böyük potensiala malikdir, lakin bölgə iqtisadi tənəzzül və ciddi işsizlik problemindən əziyyət çəkir. Məsələn adambaşına düşən gəlir göstəricisinə görə Qərbi Azərbaycan ölkənin orta hesabından 40 faiz aşağıdadır.

Əhali artıq rüşvətxorluq, ayrı-seçkilik, oğurluq və korrupsiyaya son qoyulmasını istəyir. Bu, bölgələrin vəziyyətinin yaxşılaşması üçün vacib məsələdir. Urmu gölü böhranı isə getdikcə dərinləşir, bu istiqamətdə də ciddi addımlar atılmalıdır. Biz həm gölü və həm də kənd təsərrüfatını istəyirik”- deyə H.Bahaduri çıxışının sonunda əlavə edib./gunaz.tv/