Urmiyə universitetinin çox sayda öyrənci və müəllimi Urmu gölü ilə bağlı imza toplayaraq gölün canlandırılmasını tələb ediblər.

Bu barədə Urmiyə Universitetinin Su Mühəndisliyi üzrə Elmi Dərnəyinin katibi Məhəmməd Kohani “Təsnim” xəbər agentliyinə məlumat verib.

“Ötən günlərdə Urmiyə Universitetinin Mədəniyyət Bölümünün keçirdiyi sərgidə dərnəklərin fəaliyyətinin məhsulunu nümayiş etdirmək üçün yaxşı şərait yaranmışdır. Təmsil etdiyim dərnək Urmu gölünə dəstək vermək məqsədi ilə imza toplamaq üçün bir sərgi stendindən istifadə etdi. Bu, öyrəncilər və müəllimlər tərəfindən rəğbətlə qarşılandı. Stend bir neçə saat sonra imzalarla doldu, bundan sonra biz daha bir neçə stend sifariş etməli olduq. Qısa müddətdə bu qədər imzanın toplanması göstərdi ki, universitet öyrənciləri və müəllimlər Urmu gölü böhranı ilə bağlı nigarandır”- deyə o bildirib.

M.Kohani əlavə edib ki, “Urmu gölü hər kəsə aiddir. Ona görə də gölün bərpası üçün bir elmi, əməli və ictimai tələbə ehtiyac var. Bu işi siyasiləşdirmək vəya cinahlar arası məsələlərə bağlamaq düzgün deyil.”

Urmu gölü bəzi İran rəsmilərinin iddiasına rəğmən artıq son nəfəslərini çəkir. Ötən həftə bir qrup azərbaycanlı millət vəkili Urmu gölü ilə bağlı prezidentə sual ünvanlamaq üçün İran parlamentinə yazılı müraciət ediblər. Lakin parlament sədri Əli Laricani prezidentin məclisə gələrək Urmu gölü ilə bağlı sualları cavablandırmasına mane olur.Təbrizin millət vəkili Əhməd Əlirza Beyginin sözlərinə görə, “Nə üçün Urmu gölünün canlandırılması uğrunda əməli addım atmadınız?” sualının əks olunduğu müraciəti imzalayan millət vəkilləri yetərsayı təşkil edir, lakin parlament sədri Əli Laricani sualın gündəmə gətirilməsinə imkan vermir.