İran parlamentinin deputatı Mahmud Sadiqi, yanvarın 9-da jurnalistlərə açıqlamasında ölkədə hakimiyyətə qarşı keçirilən son etirazlarda tutulanlardan danışıb.

Deputat bildirib ki, İranın müxtəlif şəhərlərində keçirilən etirazlarda 1700 nəfər yox, 3700 nəfər tutulub: “Bir neçə gün əvvəl Daxili şlər Nazirliyi bəyanat yayaraq etirazlarda tutulanların 1700 nəfər olduğunu bildirmişdi. Lakin bizim müxtəlif qurum və mənbələrdən əldə etdiyimiz statistik rəqəmlərə görə, tutulanların sayı elan edilmiş rəqəmdən iki qat çoxdur. Belə ki, tutulanların sayı 1700 nəfər yox, 3700 nəfərdir. Hazırda isə tutulanların taleyinin müəyyənləşdirilməsi işi ilə məşğuluq”.

Mahmud Sadiqi, bir neçə gün əvvəl özünün “Twitter” səhifəsində gənc aksiyaçı Sina Qənbərinin zindanda öldürülməsi məsələsinə münasibət bildirərək, ölkədə “Kəhrizək ssenarisinin yenidən təkrar olunması” barədə xəbərdarlıq bildirmişdi:

“Mən, təhlükəsizlik qurumlarının biri ilə əlaqə saxlayıb məsələni araşdırdım. Onlar da bu gəncin ölümünü təsdiqlədilər. Mən isə buradan üzümü ölkə prezidentinə, təhlükəsizlik və Məhkəmə Sistemi rəsmilərinə tutub onlara ölkədə ikinci bir “Kəhrizək” olayının təkrar oluna biləcəyi barədə xəbərdarlıq edir, bu məsələnin qarşısının alınması üçün tədbir görmələrini tələb edirəm”.

Qeyd edək ki, 2009-cu ildə İranda keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlarda, Tehranda onlarla aksiyaçı tutularaq paytaxtın ətrafında yerləşən gizli və qanunsuz  “Kəhrizək” zindanına aparılmışdı. Həmin zindanda tutulanlardan 3-ü işgəncələr altında öldürülmüş, bir neçəsi də cinsi zorakılığa məruz qoyularaq təhqir edilmişdi.

Xatırladaq ki, son günlər İranın 100-dən çox şəhərində hakimiyyətə və onun dini lideri axund Əli Xamneyiyə qarşı kütləvi etirazlar keçirilib. Hakim çürümüş rejimin iflasa uğramış iqtisadi, daxili və xarici müdaxiləçi siyasətinə, yoxsulluğa və repressiyalara qarşı keçirilən etirazlarda, Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə “Ölüm” şüarları səsləndirilib, onların hakimiyyətdən getməsi tələb olunub. Etirazlarda, ən azı 25 nəfər öldürülüb, onlarla aksiyaçı yaralanıb, 3700 nəfərdən çox insan həbs edilib.

 İranda molla rejiminə qarşı ilk etirazlar, “Bahalığa yox” adı altında “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən, dekabrın 28-də Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindən başlanıb və az sonra etirazçıların səsləndirdiyi şüarlar daha kəskinləşərək bütün hakimiyyətin əleyhinə yönəlib. Hazırda ölkənin mühüm və iri şəhərlərində elan olunmamış bir növ fövqəladə vəziyyət hökm sürdüyünə görə, etirazlar müvəqqəti olaraq dayandırılıb./gunaz.tv/