Bu gün görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin doğum tarixidir. 

M.Ə.Rəsulzadə 1884-cü il 31 yanvarda Bakının Novxanı kəndində, axund Hacı Molla Ələkbərin ailəsində dünyaya gəlib.

İlk təhsilini bu kəndin axundu olan atasından alıb. Sonradan Bakı şəhərində Sultan Məcid Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlman və Rusi” məktəbində, eləcə də Bakı Texniki məktəbində rus dilində təhsil alıb.

1918-ci ilin 27 mayında Gürcüstanın paytaxtı Tiflisdə artıq fəaliyyəti dayanmış Zaqafqaziya Seyminin müsəlman üzvləri toplanıb Azərbaycan Milli Şurasını yaradır. M.Ə.Rəsulzadə Milli Şuranın sədri, Həsən bəy Ağayev sədr müavini, Mustafa Mahmudov katib, aşağıdakılar isə üzv seçilirlər: 

Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyli, Mehdi bəy Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Soltan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Məmməd Yusif Cəfərov, Hidayət bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firidun bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov bəy Sultanov, Cəfər Axundov, Məmməd Məhərrə- mov, Cavad Məlikyeqanov, Hacı Molla Axundzadə.


1918-ci il 28 Mayında  M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası Azərbaycan İstiqlalını elan edir və altı maddədən ibarət olan Azərbaycan İstiqlal bəyannaməsi qəbul edilir. Həmin günü Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabinəsi təşkil edilir. 9 strukturdan ibarət olan I hökumət kabinəsinə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski başçılıq edir. Həmin dövrdə Azərbaycanda əhalinin sayı 2 milyon 750 min (onlardan 1 milyon 900 mini müsəlman idi) nəfər idi. Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi isə 97,3 min kv.km idi. Bundan başqa 15,6 min kv.km-lik Azərbaycan torpaqları Ermənistan və Gürcüstanla mühabisəli ərazi sayılırdı.

Rəsulzadənin “Amerikanın Səsi” radiosundan Azərbaycana müraciətləri:

(26 avqust 1951-ci il)

“Əziz Azərbaycanlılar! Bütün dünyadan əlaqəniz kəsilmiş və təklənmişsiniz. Ətrafınızda sizi xarici aləmdən ayıran dəmir bir pərdə vardır. Başınız min bir bəla və fəlakətlər içindədir. Bu bəlalı və fəlakətli yaşayışı bolşevik propaqandaçıları (təbliğatçıları) sizə ideal bir həyat kimi qələmə verirlər. Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər. İnanmayınız qardaşlar! Dünyada asudə yaşayan, qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər vardır. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də imanına təsəllüd( cox incitmək) edən yoxdur.

Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz-özlərini idarə edirlər. ...Azadlıq və milli istiqlal prinsiplərini bundan 175 il əvvəl Amerika, 33 il əvvəl də Azərbaycan bəyannaməsi elan etmişdilər. Bütün dünyanın səadəti kimi Azərbaycanın xilası da bu əsasların tamamilə gerçəkləşməsinə bağlıdır. Təkrar edirəm – İnsanlara azadlıq, Millətlərə istiqlal!

Vətəndaşlar! Üç rəngli İstiqlal bayrağını döşlərində gəzdirən buradakı Vətən ayrısı bizlərdən, orada hər türlü (formada) qorxu və təhdid altında qəlbləri istiqlal eşqi ilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 Mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin deyişi ilə dilə gətirirəm: Sən bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”.

Tədqiqatçı Ceyhun Bayramlı Modern.az-a bildirib ki, Rəsulzadə ilə bağlı olduqca deyiləsi çox söz var.

“Nisbətən yığcam şəkildə ifadə etsəm, Rəsulzadə obrazı mənim tarixi yaddaşımda həm zahirən, həm də təfəkkürünə, ideya xəttinə və cəmiyyətdə tutduğu mövqeyə görə nəcib, humanist bir obraz kimi qalıb. İstər ideoloji sferada, istərsə də siyasi fəaliyyətində o dövr üçün bu cəhətlər özünü nə dərəcədə doğruldur, bunu söyləmək çətindir. Yəni I cahan savaşı fonunda siyasi proseslərin sərt xarakter aldığı, ard-ardına müxtəlif fövqəlgüclərin işğallarına və kütləvi soyqırımına məruz qalan XX əsrin əvvəlinin quzeyli-güneyli Azərbaycanı üçün Rəsulzadə fenomeni özünü fədakarcasına yanar odun içinə atan bir obraz kimi görünür. Vətən uğrunda arzuları olduqca böyük idi, lakin acı gerçəkliklərin həyata keçirməyə imkan vermədiyi bu arzuları reallaşdırmaq üçün, bədii dillə ifadə etsək, “kipriyi ilə od götürmüşdü”.

Ən təəccüblüsü də budur ki, o, vətən sevgisindən doğan həmin əlçatmaz arzularının bir qismini hər şeyə rəğmən gerçəkləşdirməyə nail oldu. Mənim fikrimcə, tarixi şəxsiyyətlərimizi zamana görə yerləşdirmək imkanı olsaydı, Rəsulzadə XX əsrin əvvəlinin Azərbaycanı üçün deyildi, onun gerçək zamanı çox-çox irəlidə idi. Azərbaycan fenomeninin qlobal miqyasda böyüklüyü ondadır ki, Azərbaycanın yetişdirdiyi tarixi şəxsiyyətlər də bu torpağın özü kimi fenomenaldır və bir qayda olaraq öz zamanını çox qabaqlayır. Rəsulzadə şəxsiyyəti də bu baxımdan doğruları və yanlışları ilə birlikdə, Azərbaycana çox əzizdir və onun irsi müstəqil Azərbaycanda hərtərəfli tədqiq olunaraq öyrənilməlidir”.

Əməkdar jurnalist Qərənfil Dünyaminqızı 2018-ci ilin “Cümhuriyyət ili” elan edilməsini yüksək qiymət hesab edir:                       

“Rəsulzadə tətqiqatçı alim, jurnalist, publisist, siyasi xadim olub. Çağdaş Azərbaycan ədəbiyyatında Nizami Gəncəvini ilk dəfə Rəsulzadə tətqiq edib.Türkiyədə komitə yaradaraq mühacirləri başına yığıb.

Mən jurnalist,  publisist və tətqiqatçı kimi Cümhuriyyət iliylə  bağlı 2 layihə üzərində işləyirəm. Birinci layihədə Razimovskidən başlayaraq bugünkü rektorumuza qədər Bakı Dövlət Universitetİ haqqında yazılar yazıram. İkinci layihəm isə Cümhuriyyəti yaradan liderlər, AXC dövründə qəbul edilən qanunlar haqqında yazılardır.

İlk dəfə Azərbaycan oxusucu azad sözün nə demək olduğunu Cümhuriyyət dövründə bildi. 1919-cu ildə mətbuat nizamnaməsi qəbul edildi. Cümhuriyyət dövründə mətbuatla dövlət arasında isti münasibət var idi. Dövlətin qayğı göstərdiyi sahə idi. İlk qəbul edilən akt da mətbuatla bağlı oldu. Mayın 28-nə qədər mən bu yazıları silsilə şəkildə işləyib hazırlayacam.Yazılarımda Məhəmməd Əmin Rəsulzadəylə bağlı məlumatlar da yer alacaq”.